2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması Avropanın təhlükəsizlik siyasətini kökündən dəyişdi.
Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağılandan sonra Avropanın böyük hissəsində belə hesab edilirdi ki, genişmiqyaslı müharibə ehtimalı minimuma enib. Nəticədə minlərlə bunker bağlandı, bir çoxu özəlləşdirildi və ya başqa məqsədlər üçün istifadə olunmağa başladı. Xüsusilə Almaniyada vəziyyət diqqət çəkirdi. İkinci Dünya müharibəsindən məğlub çıxan ölkədə onilliklər ərzində fəaliyyət göstərən mülki müdafiə infrastrukturu tədricən ləğv edildi. Lakin Rusiya- Ukrayna müharibəsi göstərdi ki, Avropada genişmiqyaslı silahlı münaqişə ssenarisi artıq nəzəri ehtimal deyil, hər keçən gün alovlanan reallıqdır.
Əgər son 30 ildə Avropa ölkələri, o cümlədən Berlin əsasən hərbi büdcələri azaltmağa, köhnə bunkerləri muzeyə, anbara, restoran və ya əyləncə məkanına çevirməyə üstünlük verirdilərsə, indi mənzərə tamamilə fərqlidir. Bir çox ölkə mülki müdafiə sistemlərini yenidən qurur, sığınacaqları bərpa edir və əhalinin fövqəladə hallara hazırlığını artırır...
ABŞ Prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra isə proseslər bir az da sözügedən qitənin əleyhinə cərəyan etməyə başladı. Əgər Co Baydenin hakimiyyəti dönəmində Ukraynaya birmənalı dəstək verilib Avropa ilə həmrəylik nümayiş etdirilirdisə, Tramp dönəmində neytrallığa üstünlük verilməyə başlanıldı. Bunun da səbəbi Trampın "Öncə Amerika" şüarı ilə hakimiyyətə qayıtması idi. ABŞ liderinin NATO-nu tənqid etməsi, alyansı Birləşmiş Ştatların üzərində əlavə yük olaraq görməsi və Avropa İttifaqını (Aİ) dolayısı ilə öz təhülkəsizlik arxitekturasını qurmağa məcbur etməsi yeni reallıqların yaranmasına təkan verdi. Nəticədə Avropa artıq müharibəni uzaq coğrafiyada baş verən hadisə kimi deyil, qitənin təhlükəsizlik sisteminə birbaşa təhdid kimi qiymətləndirməyə başladı.
Mövzu ilə bağlı Oxu.Az-a danışan yerli və xarici ekspertlər də bu məsələnin hazırda kifayət qədər aktual olduğunu bildirirlər.
Ukraynalı politoloq Aleknsadr Kovalenko hesab edir ki, Avropa Rusiyanın xüsusən Polşa və Baltikyanı ölkələrin ərazilərinə hücum edə biləcəyi təhlükəsini ciddi qəbul edir:

"Bu məsələ hazırda kifayət qədər aktuallaşıb və Avropa istismara yararlı zirehli texnikanı modernləşdirərək hərbi hazırlığını gücləndirir. Həqiqətən də qitə 2026-cı ildə Rusiya tərəfindən mümkün müdaxilə riskini kifayət qədər yüksək qiymətləndirir. İlk növbədə Baltikyanı ölkələr - Latviya və Estoniya, eləcə də Polşa ən böyük təhlükə altındadırlar".
"Lakin bu, digər Avropa ölkələrini təhlükələrdən sığortalamır. Buna görə də hadisələrin mümkün inkişaf ssenarisi müəyyən mənada proqnozlaşdırılandır, xüsusilə Ukraynanın təcrübəsi nəzərə alınanda. Yəni Avropa ölkələri görür ki, Rusiya raketləri və digər zərbə vasitələri çox vaxt mülki infrastrukturu hədəfə alır. Hətta Rusiya hərbi obyektləri və ya istehsal müəssisələrini vurmağa çalışdığı hallarda belə, raketlərin hədəfdən yayınma ehtimalı kifayət qədər yüksəkdir. Bunun səbəbi onların dəqiqliyinin aşağı olmasıdır. Nəticədə Rusiya raketləri bəzən hədəfdən 100-200 metr kənara düşür ki, bu da mülki obyektlərə zərbə riskini artırır. Buna görə də Avropa hazırda Rusiya tərəfindən yarana biləcək təhlükələri yüksək qiymətləndirir və yaxın gələcəkdə üzləşə biləcəyi bütün çağırışlara əvvəlcədən hazırlaşır", - deyə analitik diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər üzrə italiyalı ekspert Domeniko Letisiya isə hesab edir ki, sığınacaqların və mülki müdafiənin yenidən Avropanın gündəminə qayıtması müharibə psixozunun və ya yaxın təhlükə ilə bağlı təşvişin əlaməti deyil:

"Bu, əksinə, soyuq müharibədən sonrakı onilliklərdə yaranan laqeydlikdən sonra "ümumi dayanıqlılıq" prinsipi əsasında verilən praqmatik qərardır. Baxmayaraq ki, qlobal geosiyasi gərginliklər təbii olaraq artıb. Avropa cəmiyyəti bu dövrü panika və ya kollektiv isteriya ilə yaşamır. Bunun əvəzinə, hökumətlər operativ hazırlığı adi idarəetmə mexanizminə çevirir, metro stansiyaları, tunellər və digər yeraltı məkanların yenilənməsi və xəritələndirilməsini passiv çəkindirmə vasitəsi, eləcə də hibrid təhdidlərə, kibertəhlükələrə və iqlim fövqəladə hallarına qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirirlər.
Bu kontekstdə İsveçrə 1960-cı illərdən etibarən hər bir vətəndaş üçün qoruyucu sığınacaqda yer təmin edən köklü ənənəsi sayəsində dünyada unikal nümunə kimi seçilir. İsveçrəlilər üçün bunkerlər narahatlıq və qorxu məkanı deyil, gündəlik həyatda zirzəmi və ya anbar kimi istifadə olunan adi məkanlardır. Bern hökumətinin ventilyasiya və mühafizə sistemlərini müasirləşdirməyə dair son planları göstərir ki, artıq yaxşı hazırlıqlı olan bir ölkə belə sadəcə müdafiə infrastrukturunu müasir texnoloji təhdidlərə uyğunlaşdırır".
Onun qənaətinə görə, bütün bu proseslər göstərir ki, Avropa uzun illər davam edən geosiyasi sadəlövhlük dövrünü geridə qoyaraq, yetkin və təmkinli məsuliyyət mərhələsinə qədəm qoyur:
"Bu mərhələdə təhlükəsizlik artıq öz-özünə mövcud olan bir reallıq kimi deyil, davamlı texniki xidmət, investisiya və uzaqgörənlik tələb edən aktiv bir proses kimi qəbul edilir".
Düzdür, Avropa hökumətlərinin də mesajı ondan ibarətdir ki, məqsəd cəmiyyətdə qorxu yaratmaq deyil, fövqəladə hallara hazırlığı artırmaqdır. Lakin qitədəki proseslər göstərir ki, 21-ci əsrdə təhlükəsizlik anlayışı dəyişir. Artıq yalnız güclü ordu kifayət etmir. Mülki infrastrukturun dayanıqlığı, fövqəladə vəziyyət planları və əhalinin hazırlığı da milli təhlükəsizliyin vacib hissəsinə çevrilir.
Avropada bunker və sığınacaqların yenidən gündəmə gəlməsi müharibəyə hazırlıq görüntüsü yaratsa da, əslində bu, daha geniş təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Qitə ölkələri başa düşür ki, müasir dövrdə risklər yalnız cəbhə xəttində yaranmır. Digər tərəfdən, ABŞ-İran müharibəsinin başlanması ilə geosiyasi təhdidlərin daha da artması, təhlükəsizlik tədbirlərini daha da zəruri edir. Eskalasiyanın artması demək olar ki, bütün qitələr üçün əlavə təhdidlər yaradır.
Türkiyəli siyasi şərhçi Engin Özerin sözlərinə görə Tramp komandasının ABŞ-nin xarici siyasətində başlatdığı köklü dəyişikliklər Avropanın təhlükəsizlik memarlığını yenidən formalaşdırmağa məcbur etdi:

"NATO çərçivəsində ABŞ-nin Avropa qitəsinə verdiyi təhlükəsizlik təminatlarının sual altına düşdüyü bu şəraitdə, Birləşmiş Ştatların ordusunun Avropadan çəkilə biləcəyi ehtimalı yeni və müstəqil müdafiə strukturunun yaradılmasını zəruri etdi. Buna görə də Avropa İttifaqı öz ordusunun formalaşdırılması istiqamətində yeni strategiya müəyyənləşdirdi".
"Bu prosesdə birbaşa təhlükə mənbəyi kimi Rusiya müəyyən edilir və yeni təhlükəsizlik konsepsiyası əsasən Ukrayna müharibəsinin təcrübəsi üzərində qurulur. PUA-ların, hipersəs raketlərinin və kamikadze dronlarının mümkün hücumlarına qarşı sığınacaqların hazırlanması başadüşülən bir strategiyadır. Əslində, Avropa ilə Rusiya arasında genişmiqyaslı müharibə ssenarisi çox da real görünmür. Lakin bütün hazırlıqlar 2030-cu ildə baş verə biləcək mümkün müharibə ehtimalı nəzərə alınaraq aparılır. 1960-cı illərdən etibarən müdafiə büdcələrini xeyli azaldan Qərbi Avropa ölkələri indi sosial təminat xərclərində ixtisarlar edərək müdafiə büdcələrini artırmağa məcbur qalacaqlar. Əhalinin narazılığı nəzərə alındıqda, cəmiyyət qarşısında bir düşmən və təhlükə obrazının formalaşdırılması siyasi baxımdan zəruri görünür. Digər tərəfdən Avropa ölkələri NATO büdcəsinə daha çox töhfə verməklə də bu problemi həll edə bilərdilər. Lakin onlar daha məqsədəuyğun hesab etdikləri müstəqil müdafiə strategiyasına üstünlük verdilər. Paradoksal olaraq, Moskvaya qarşı çəkindiricilik məqsədilə silahlanmanın gücləndirilməsi qarşılıqlı etimadsızlığı artırır və bu silahlanma yarışı hər iki tərəfə zərər verir", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, ABŞ qlobal təhlükə və milli maraqlarına zərər vurmaq potensialının yüksək olduğunu nəzərə alaraq Çin Xalq Respublikasını əsas rəqib kimi qiymətləndirir:
"Rusiya Federasiyası isə Vaşinqtonun bəzi məsələlərdə əməkdaşlıq edə biləcəyi yarımqlobal güc hesab olunur. Bu baxımdan İranla bağlı münaqişədən sonra diqqətini Sakit okean regionundakı gərginliklərə yönəldən ABŞ üçün Avropa əvvəlki qədər prioritet əhəmiyyət daşımır. Məhz bu səbəbdən "qoca qitə" öz çəkindiricilik imkanlarını artırmaq və daha müstəqil hərəkət edə bilmək məqsədilə bu istiqamətdə addımlar atır. Bütün bunlar həm də bir reallıqdan xəbər verir. Dünyaya təhlükəsizlik, sabitlik, azad mühit dərsi keçən Avropa qitəsi indi özü bu strateji məsələlərdən əziyyət çəkir: ikili standartlı yanaşma, müxtəlif ölkələrə təzyiq elementləri, təhlükəsizlik təhdidləri bu gün onun özünü təhdid etməyə başlayıb".