Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı başlayacaq. Bu, Bakı-Dəməşq xəttində münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Bu təmaslar əsasında formalaşan siyasi dialoq bu gün strateji əməkdaşlığa doğru inkişaf edir.

Azərbaycan Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini açıq şəkildə ifadə edən ilk ölkələrdən biri olub. Bununla yanaşı, Bakı Ankarayla birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də isə Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. İyulun 12-də isə Bakıda İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaara ilə geniş tərkibdə görüşü olub. Bu isə enerji sahəsindəki əməkdaşlığı daha geniş bir strateji kontekstə yerləşdirir.

Genişlənən qaz coğrafiyası
Hazırda Azərbaycan qazı 12 Avropa ölkəsinə ixrac edilir. Azərbaycanın Suriyaya qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, həm də regional diplomatiyanın mühüm göstəricisidir. Bakı Yaxın Şərqdəki mürəkkəb oyunçular arasında neytral vasitəçi, etibarlı təchizatçı və çoxvektorlu siyasət yürüdən tərəf kimi çıxış edir. Bu da Azərbaycanın yaxın illərdə Yaxın Şərqdə regional sabitlik və enerji təhlükəsizliyi sahəsində nüfuzlu oyunçuya çevriləcəyinə şübhə yeri qoymur. Türkiyə üzərindən həyata keçirilən Suriya marşrutu isə Azərbaycanın Yaxın Şərqə qaz çıxarışı üçün ilk real addımıdır. Bu marşrut Azərbaycan üçün yeni enerji bazarının formalaşması, həm də Azərbaycan qazının diversifikasiyası deməkdir - bazarların genişlənməsi, yeni istehsal sahələrinin yaradılması və enerji təhlükəsizliyində yeni əlaqələrin qurulması.

Suriyanın tranzit ölkə rolu: yeni enerji körpüsü
Suriya münaqişə sonrası sabitlik axtarışındadır, lakin ölkənin regional tranzit potensialı diqqətdən qaçmır. Əvvəllər Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür və bu infrastrukturun bərpası Azərbaycan üçün yeni imkanlar açır. Əgər bu xətt bərpa olunsa, Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması mümkündür. Bu isə Azərbaycanı yalnız Avropa üçün deyil, Yaxın Şərq və Şimali Afrika regionu üçün də enerji təchizatçısına çevirə bilər.
Enerji diplomatiyasının növbəti mərhələsi
Azərbaycanın elektrik enerjisi istehsalçısı kimi də qarşısında yeni imkanlar açılır. Rəsmi Bakı yaşıl enerji strategiyası çərçivəsində artan istehsal imkanları, xüsusilə bərpa olunan enerji mənbələri hesabına, Yaxın Şərq regionuna elektrik enerjisi ixracını da real edir. Suriyanın enerji infrastrukturunun yenidən qurulması prosesi çərçivəsində bu əməkdaşlıq növü də aktuallığını qoruyub saxlayır. Azərbaycanın Suriyaya qaz ixracı Bakı üçün yeni geosiyasi platformaların açılması, Yaxın Şərqdə diplomatik mövqelərin möhkəmləndirilməsi və enerji vasitəsilə təsir gücünün artırılmasıdır. Bu hadisə təkcə enerji bazarına deyil, həm də Azərbaycanın Yaxın Şərqdəki mövqeyinə və regional vasitəçilik səylərinə yeni çalarlar əlavə edir. Azərbaycanın Suriyaya qaz satmağa başlaması o deməkdir ki, Bakı artıq təkcə Avropa və Türkiyə üçün deyil, Yaxın Şərq bazarı üçün də enerji təchizatçısına çevrilir. Bu isə ölkənin enerji diplomatiyasında yeni mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən bu siyasət nəticəsində Azərbaycan Yaxın Şərq regionunda da etibarlı və önəmli tərəfdaş kimi tanınmağa başlayır. Bir sözlə, Azərbaycanın enerji diplomatiyası coğrafiyasını genişləndirir və bu xəritədə Suriyanın yeri artıq qeyd olunub.
Mərahim Nəsib