Türkiyənin "Haber Global" telekanalında yayımlanan proqramda Azərbaycan-İran münasibətləri, məktəblərdə dini təhsil və iki ölkə arasında son dövrlərdə gündəmə gələn müzakirələr ətrafında fikir mübadiləsi aparılıb.
Proqramın ekspertlərindən biri olan tarixçi, professor Aygün Attar çıxışında İranda Azərbaycan türkcəsində yayımlanan media qurumlarının fəaliyyətini və dini təhsil adı altında təşkil olunan bəzi kursları tənqid edib.
O, 2015-ci ildə baş verən Nardaran hadisələrini xatırladaraq, həmin dövrdə Azərbaycanda dini şüarların səsləndirildiyini, dövlət rəmzlərinin təhqir olunduğunu və polisə silahlı müqavimət göstərildiyini bildirib.
Ekspert məktəblərdə dövlətin müəyyən etdiyi tədris proqramının və vahid geyim qaydalarının tətbiqini normal qərar kimi qiymətləndirib. Bununla yanaşı, dini inanclı insanların hamısına eyni yanaşmağın və onları eyni kateqoriyada dəyərləndirməyin düzgün olmadığını vurğulayıb.
Aygün Attar Azərbaycanda məscidlərin bərpasını və dini ibadət yerlərinin fəaliyyətini də qeyd edərək, ölkə rəhbərliyinin dinə münasibəti ilə bağlı tənqidlərə etiraz edib.
Proqramda Azərbaycan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə yönələn cəhdlərin olduğu da iddia edilib. Ekspert iki ölkə arasındakı qardaşlıq münasibətlərinin qorunmasının vacibliyini vurğulayaraq, bu cür cəhdlərin nəticə verməyəcəyini bildirib.