Azərbaycanın sərhədlərinin müəyyən dövrlərdə bağlı saxlanılması dövlətin təhlükəsizlik və sabitlik siyasətinin tərkib hissəsidir. İlk növbədə, regionda mövcud olan mürəkkəb geosiyasi vəziyyət belə qərarların zəruriliyini artırır. Digər tərəfdən, son zamanlar regional münaqişələr və humanitar böhranlar durmadan artır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Qəzzanın İsrail tərəfindən davamlı hücuma məruz qalması, İran-ABŞ-İsrail müharibəsi kimi hadisələr qlobal miqyasda təhlükəsizlik risklərini və miqrasiya axınlarını artırıb. Belə bir şəraitdə dövlətlərin sərhəd siyasətinə daha ehtiyatla yanaşması təbii hesab olunur.
Digər tərəfdən, dünyada miqrasiya böhranının dərinləşməsi də sərhəd nəzarətinin gücləndirilməsinin vacibliyini göstərir. Son illərdə Avropa İttifaqı (Aİ) ölkələri belə qeyri-qanuni miqrasiyanın artması ilə üzləşib və sərhəd nəzarətini sərtləşdirmək məcburiyyətində qalıb. Bu fakt göstərir ki, miqrasiya proseslərinin idarə olunması yalnız regional deyil, qlobal çağırışdır.
Azərbaycan üçün sərhədlərin qorunması milli təhlükəsizlik məsələsidir. Ölkəmiz uzun illər ərzində Birinci Qarabağ müharibəsi və daha sonra İkinci Qarabağ müharibəsi kimi ciddi hərbi-siyasi sınaqlardan keçib. Bu təcrübə göstərir ki, dövlətin təhlükəsizlik siyasətində qabaqlayıcı tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, sərhədlərin bağlı saxlanılması ölkə daxilində sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına da xidmət edir. Bu baxımdan, sərhəd siyasətinin prioritetliyi mühüm əhəmiyyət kəsb edir.
Nəticə etibarilə, Azərbaycanın sərhədlərinin bağlı saxlanılması regionda və dünyada baş verən proseslər fonunda strateji və uzaqgörən yanaşmanın tərkib hissəsidir. Münaqişələr, miqrasiya axınları və qlobal qeyri-müəyyənliklər göstərir ki, dövlətlərin təhlükəsizlik siyasətində ehtiyatlı addımlar atması sabitliyin qorunması üçün vacibdir.
Mərahim Nəsib