Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda Fransa və Niderland neokolonializmi ilə bağlı konfrans işinə başlayıb
Bu gün paytaxtda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Sen-Marten adasındakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir.
Oxu.Az-ın məlumatına görə, tədbir "Fransanın və Niderlandın Sen-Martendəki müstəmləkə idarəçiliyi - bir ada, bir xalq, bir tale" adlanır.
Konfransda Sen-Marten xalqının nümayəndələri, həmçinin müstəmləkəçiliyə qarşı fəaliyyət göstərən təşkilatların rəhbərləri, Sen-Marten parlamentinin üzvləri, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirlər.
Onlar Fransa və Niderlandın əsarəti altında olan və ikihakimiyyətlilik hökm sürən Sen-Marten adasının xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəsini, həmçinin problemin müvafiq beynəlxalq təşkilatların gündəliyinə çıxarılması işini və beynəlxalq hüquqi mexanizmləri müzakirə edəcəklər.
Qeyd edək ki, müstəmləkə dövründə və ondan sonra Sen-Marten digər müstəmləkələrdən özünəməxsus xüsusiyyətləri ilə fərqlənib. Ada həm Fransa, həm də Niderland tərəfindən müstəmləkəyə çevrilib və 1648-ci ildən bu iki dövlət arasında bölünüb. Adanın Fransa hissəsi Sen-Marten, Niderland hissəsi isə Sint-Marten adlanır. İki Avropa dövləti adaya öz idarəetmə sistemlərini, mədəniyyətlərini və qanunlarını tətbiq edib. Adada müstəmləkəçiliyin irsi iqtisadi və siyasi sahələrdə öz təsirini davamlı olaraq göstərir. Fransa və Niderlandın güclü təsiri Sen-Marten xalqının öz müqəddəratını təyin etmək istəyinin qarşısında maneələr yaradır.
Konfrans iştirakçıları ümid edirlər ki, bu tədbir Sen-Martenin problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə kömək edəcək və adanın müstəmləkəsizləşdirilməsi yollarının müzakirəsi üçün platforma olacaq.
Rufina Abdullayeva
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Bakı Təşəbbüs Qrupu ilə Sen-Martenin Birliyi Assosiasiyası arasında memorandum imzalanıb
- Abbas Abbasov: "Bakı Təşəbbüs Qrupu bu il sayca dördüncü memorandum imzalayacaq"
- Sen-Marten gəncləri: "Müstəmləkəçilik vətənimizdə gələcək qurmağımıza mane olur"
- Sen-Marten müstəqillik uğrunda mübarizə aparır: "Pro Soualiga" Fondundan dekolonizasiyaya çağırış