Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Beynəlxalq əməkdaşlığın mükəmməl nümunəsi: Pakistan-Azərbaycan dostluğu nə vəd edir?
"Pakistanla Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər. Pakistan islam dünyasının və yerləşdiyi Cənub-şərqi Asiyanın ən mühüm ölkələrindən biridir. Ənənəvi olaraq, Pakistan və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq mövcuddur və son dövrlərdə hərbi-siyasi kontekstdə əməkdaşlığımız daha da dərinləşməkdədir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Pakistanla Azərbaycan arasında maraqların qarşılıqlı şəkildə ifadə olunmasının bir səbəbi də beynəlxalq platformalarda hər iki ölkənin bir-birini dəstəkləməsidir:
"44 günlük Vətən müharibəsində də Pakistan bütün potensialı ilə Azərbaycanın yanında olmağa hazır olduğunu ifadə etdi və bütün beynəlxalq platformalarda ölkəmizin mövqeyini dəstəklədi. Ona görə də həm ikitərəfli münasibətlərdə, həm Türkiyə-Azərbaycan-Pakistan platformasında, həm də digər beynəlxalq platformalarda iki dost və qardaş ölkənin münasibətləri nümunəvi hesab edilə bilər. Bu da Pakistan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsini zəruri edir".
Deputat Azər Kərimli də Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasında əlaqələrin yüksək səviyyəsi və mükəmməl ikitərəfli münasibətlər beynəlxalq əməkdaşlığın nümunəsi kimi qiymətləndirilə bilər:
"Hər iki ölkə müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji, təhsil və müdafiə sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyirlər. Bu dəstək xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq forumlarda özünü göstərir. Hər iki ölkə regional sabitliyi və təhlükəsizliyi qorumağa çalışır, eyni zamanda qlobal sülhün təmin edilməsinə töhfə verir".
"Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşlərinin baş tutması bu strateji tərəfdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır. Xüsusilə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, ekologiya və mədəniyyət sahələrində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfər zamanı müzakirə olunan mövzular və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Bu səfər Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilə bilər", - deyə deputat vurğulayıb.
Mərahim Nəsib