"Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində əsas diqqət qlobal mənzil problemlərinə yönələcək. Hazırda dünyada qlobal mənzil böhranı mövcuddur və bu, demək olar ki, bütün ölkələri əhatə edir. Üç milyarddan çox insan yaşayış problemləri ilə üzləşir. Bir milyarddan artıq insan qeyri-rəsmi yaşayış məntəqələrində - "gecəqondu"larda yaşayır, 300 milyondan çox insan isə ümumiyyətlə mənzilsizdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina deyib.
O bildirib ki, bu məsələlərin müzakirəsi və həlli yollarının axtarılması olduqca vacibdir:
"Forumda BMT-yə üzv olan 193 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. Bu ölkələrin bir çoxu tədbirdə nazirlər, şəhər rəhbərləri və digər yüksək səviyyəli nümayəndələrlə təmsil olunacaq. Forum Azərbaycan üçün də öz təcrübəsini təqdim etmək baxımından mühüm imkandır".
Bezqaçina əlavə edib ki, tədbir çərçivəsində Urban Expo sərgisi keçiriləcək:
"Sərgidə müxtəlif ölkələrin şəhərsalma və mənzil sahəsində tətbiq etdiyi həllər təqdim olunacaq. Azərbaycanın da pavilyonları olacaq və burada ölkənin şəhər planlaşdırılması, urbanistik inkişaf və mənzil problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihələr nümayiş etdiriləcək".
Direktor bildirib ki, forum çərçivəsində "Urban Practices Hub" platformaları da fəaliyyət göstərəcək:
"Bu platformalarda müxtəlif ölkələrdən olan iştirakçılar öz şəhərlərində həyata keçirdikləri layihələr üzrə təcrübə mübadiləsi aparacaqlar. Bu da bilik və təcrübənin paylaşılması üçün əlavə imkan yaradacaq".