Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BMT təmsilçiləri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub
Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Oxu.Az-a bildirilib ki, X. Xələfov Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib. O, BMT-nin müxtəlif müqavilə qurumları ilə hərtərəfli və konstruktiv müzakirələrin aparıldığını və ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə əməkdaşlığın səmərəliliyini vurğulayıb.
Nazir müavini ölkəmizdə insan hüquqları və əsas azadlıqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini, bu sahədə mövcud olan milli qanunvericiliyinin təkmilləşdirildiyini, məhkəmə-hüquq sistemində mütəmadi olaraq islahatların aparıldığını, QHT-nin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirildiyini, vətəndaş cəmiyyətinin möhkəmləndirildiyini və insan hüquqları sahəsində davamlı olaraq milli fəaliyyət proqramlarının qəbul edildiyini deyib.
Jorjet Qanyonun təmsil etdiyi qurumun Azərbaycan Hökuməti ilə mövcud əməkdaşlığa böyük önəm verdiyini və ölkəmizin BMT-nin Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu bildirib.
X. Xələfov ölkədə insan hüquqlarının bütövlükdə təmin olunmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əngəl təşkil etdiyini, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və onların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu, lakin dünya ictimaiyyəti, o cümlədən beynəlxalq qurumlar tərəfindən məsələyə lazımi dərəcədə diqqət göstərilmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
İşğalçı qüvvələrin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, doğma torpaqlarını ziyarət edən məcburi köçkün Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürməsinin və onların azadlıqdan məhrum etməsi faktlarına birmənalı qiymətin verilməsinin vacibliyi vurğulanıb və bu barədə fikir mübadiləsi aparılıb.
N.О.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Komissiya: "Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ediləcək"
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir