Ümummilli lider Heydər Əliyevin böyüklüyü və uzaqgörənliyi onda idi ki, o, özəlləşdirməyə məqsəd kimi deyil, ölkəni inkişaf etdirmək üçün qabaqcıl dünya dövlətlərinin təcrübəsinə istinad edilməklə, bir vasitə kimi baxdı. Ölkənin təbii-strateji resurslarını, Dövlət Neft Şirkətini (ARDNŞ) özəlləşdirmədi.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son günlər yenidən SOCAR-ın özəlləşdirilməsi yönündə səslənən təkliflərə münasibət bildirərkən deyib.
Komitə sədri bu yöndə səslənən fikirləri, təklifləri o qədər də əsaslı hesab etmədiyini bildirib.
“Çünki Heydər Əliyev bilirdi ki, bu, Azərbaycanın iqtisadi-siyasi müstəqilliyinə, inkişafımıza ağır bir zərbə olardı”, - deyən komitə sədrinin sözlərinə görə, dünyanın əksər ölkələri heç özlərinin təbii-strateji resurslarını özəlləşdirməyiblər.
“Odur ki, Azərbaycan dövlətinin müstəqillik dövründə ən mühüm nailiyyətlərindən biri məhz Dövlət Neft Şirkətinin qorunub-saxlanılmasıdır, inkişafıdır. Zamanında məhz ulu öndərimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Dövlət Neft Şirkətinin qorunub-saxlanılması mümkün oldu.
Əgər zamanında belə bir müdrik və tarixi qərar verilməsəydi, tam əminliklə deyirəm ki, nə müstəqil neft siyasətindən, nə də ümumən, müstəqil siyasi-iqtisadi inkişafımızdan danışmaq olardı. Ona görə indi belə fikirləri səsləndirilənlər bir daha ötən dövrlərdə baş verənləri, yaşananları göz önünə gətirsələr, yaxşı olar.
Bu baxımdan, adıçəkilən qurum hələ uzun illər qalmalı, öz işlərini və ölkəmizin inkişafına töhfələrini verməkdə davam etməlidir”, - deyə Z.Səmədzadə əlavə edib.
Kamil HƏMZƏOĞLU