Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ekspert: Rusiya və Çin Bişkekdə sabitliyin təmin olunmasında maraqlıdır
Qırğızıstanda sabiq Prezident Almazbek Atambayevlə bağlı hadisələr sürətlə inkişaf etməyə davam edir. Bir həftə öncə geniş ictimaiyyətin diqqəti daha çox keçmiş dövlət başçısının saxlanılma əməliyyatına yönəlmişdisə, son günlərdə artıq o, dövlət çevrilişinə hazırlaşmaqda rəsmən ittiham olunur. Qırğızıstanın hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Atambayev qətl, kütləvi toqquşmaların təşkili, korrupsiya faktları üzrə ümumilikdə 12 cinayət işinin materialları əsasında təqsirli bilinir. Onun həyat yoldaşı Raisa Atambayeva da cinayət məsuliyyətinə cəlb olunub.
Atambayevdən öncə Qırğızıstan Prezidenti postunu tutan Əskər Akayev və Qurbanbek Bakiyevin rəngli inqilablar nəticəsində prezident vəzifəsindən məhrum edildiyini nəzərə alaraq, ekspertlər Bişkekdəki vəziyyətin sonrakı inkişafına dair müxtəlif ssenarilər irəli sürürlər.
"Qırğızıstanda sabitliyin mümkün pozulması regiondakı ümumi vəziyyətə mənfi təsir göstərə bilər. Bu səbəbdən Orta Asiya ölkələri, həmçinin Rusiya, Çin və Türkiyə Bişkekdə vəziyyətin pisləşməsinin qarşısını almaq üçün səylərini birləşdirməlidirlər", - deyə türk politoloq, tarix elmləri doktoru Mehmet Perinçek Oxu.Az-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qırğızıstanda son 20 ildəki hadisələri anlamaq üçün Bişkekin dünyada geosiyasi rolunu başa düşmək lazımdır:
"XXI əsrin əvvəllərindən bir sıra postsovet məkanı ölkələrində, dəqiq desək, Qırğızıstan, Gürcüstan, Ukrayna və Ermənistanda rəngli inqilablar olub. Onların arxasında şübhəsiz ki, ABŞ dayanıb. Bu proseslərin səbəbini bilmək üçün anlamaq lazımdır ki, Vaşinqtonun regiondakı maraqlarının həyata keçməsi yolunda əsas baryer Rusiya, Çin və Türkiyədir. Məhz buna görə də Ağ Ev bu dövlətlərin ətrafında bir növ diskomfort zonası yaratmağa çalışır. Bunun üçün ABŞ həm silah gücündən, həm də digər metodlardan istifadə edir: rəngli inqilablar, yumşaq qüvvə, iqtisadi təsir alətləri. Bütün bunlardan Rusiya, Çin və Türkiyə ilə qonşu ölkələrdə ictimai-siyasi vəziyyəti qeyri-sabitləşdirmək üçün istifadə olunur".
Politoloq vurğulayıb ki, hər hansı bir ölkədə sabitliyi pozduqdan sonra Vaşinqton vəziyyətin bərpası bəhanəsi ilə fəal şəkildə bu dövlətlərin daxili işlərinə qarışmağa başlayır:
"Daxili işlərə müdaxilənin tərkib hissələrindən biri bu ölkələrdəki hökumət qüvvələrində öz protejelərinin olmasını təmin etməkdir. Ümumiyyətlə, ABŞ-ın əsas məqsədlərindən biri Orta Asiyanın təbii resurslarını ələ keçirmək və onların tədarük marşrutlarını nəzarətə almaqdır. Vaşinqtonun Yaxın Şərqdə, Qafqazda və Şərqi Avropada apardığı siyasət isə qoyulan məqsədlərə, dəqiq desək, Orta Asiya resurslarının mənimsənilməsinə nail olmağa xidmət edir.
Bu səbəbdən də hesab edirəm ki, Ağ Evin Avrasiya məkanına təsir etmək üçün İraq və Suriyanı müharibə meydanına çevirmək cəhdi təsadüfi deyil. Buna görə də bir daha təkrar edirəm ki, Qırğızıstanda sabitliyin pozulması, ilk növbədə, məhz Vaşinqton üçün əlverişlidir".
M.Perinçekin sözlərinə görə, Qırğızıstanda sabitliyin təmin olunması, ilk növbədə, Rusiya və Çinin maraq dairəsindədir, çünki Bişkek Avrasiya İqtisadi Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür:
"Qırğızıstanda və Orta Asiyanın istənilən başqa ölkəsində sabitliyin və təhlükəsizliyin təmin olunması bütün Orta Asiya regionunun inkişaf və çiçəklənməsinə səbəb olacaq. Buna görə də Bişkeklə qonşu ölkələr, eləcə də Moskva, Ankara və Pekin Qırğızıstanda sabitliyin qorunması üçün birgə səy göstərməlidirlər".
Rasim Babayev
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb