Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Fransanın France24 televiziyasının təşkil etdiyi Ermənistan - Azərbaycan cəbhəsində davam edən hərbi əməliyyatlara həsr olunmuş debatda Azərbaycanın mövqeyini ifadə edib.
Debatda E.Əmirbəyovla yanaşı Fransa və Böyük Britaniyadna olan politoloqlar Tornike Qordadze və Lourens Brurs, eləcə də Marsel Universitetindən siyasi elmlər doktoru Teline Papazyan iştirak edib.
Elçin Əmirbəyov debatda Ermənistanın Azərbaycana qarşı təcavüzü, o cümlədən Dağlıq Qarabağ və ətraf rayonların 27 ildən artıqdır erməni işğalı altında olması barədə ətaflı məlumat verib. Ermənistanın son hərbi təcavüz aktına geniş kontekstdə baxılmalı olduğunu deyən Əmirbəyov bu hadisənin beynəlxalq humanitar hüququn pozulması kimi dəyərləndirib.
Birinci vitse-prezidentin köməkçisi fikirlərini dəstəkləmək üçün Ermənistan tərəfinin son dövrdə həyata keçirdiyi təxribat cəhdlərini qeyd edib. İyul və avqust aylarında Ermənistan hökumətinin silah tədarükü həyata keçirdiyi, 100 minə yaxın könüllü döyüşçüləri səfərbərliyə cəlb etdiyini, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə Yaxın Şərqdən etnik ermənilər və terrorçuları cəlb etdiyini, oktyabrda KTMT ilə birgə hərbi təlimləri planlaşdırdığını xatırladıb.
Azərbaycanı təxribata çəkmək, cavab zərbəsinə təhrik etmək, münaqişəni aktiv fazaya keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, sülh danışıqları prosesini dayandırmaq, işğal etidyi əraziləri daha uzun bir dövrdə əlində saxlamaq cəhdi kimi qiymətləndirib.
E.Əmirbəyov qeyd edib ki, davam edən cəzasızlıq mühitində və beynəlxalq ictimaiyyətin hərəkətsizliyi erməni rəhbərliyini son hərbi təxribata getməsinə səbəb olub.
Hazırkı vəziyyətdə Türkiyənin münaqişə bölgəsində fəallığının artması ilə bağlı suala cavab olaraq Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Ankara münaqişənin həlli prosesində yeni deyil, ATƏT-in Minsk Qrupunun yarandığı gündən Türkiyə bu qurumun üzvü olub.
“Türkiyə Azərbaycanın müttəfiqi və ən yaxın dost ölkə olaraq Ermənistanın təcavüzünün aradan qaldırılması, ilk növbədə Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyulması və Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasına çalışır. Ermənistanın davamlı olaraq KTMT kimi xarici oyunçulardan dəstək almaq cəhdlərinin fonunda Türkiyənin Azərbaycanla həmrəylik nümayişi regional təhlükəsizliyi stabilləşdirən və balanslaşdıran faktor kimi çıxış edir.
Ermənistan hazırkı status-kvonun qəbuledilməz olduğunu və bu səbəbdən dəyişdirilməli olduğunu anlamalıdır. Növbəti ağır nəticələrdən qaçmaq üçün Ermənistan rəhbərliyi apardığı destruktiv siyasətin perspektivsiz olduğunu anlamalı, hərbi təcavüzü dayandırıb heç bir ön şərt olmadan danışıqlar masasına əyləşərək nəticəyə hesablanan danışıqlara başlamalıdır” – deyə E.Əmirbəyov qeyd edib.
Elçin Əmirbəyov: “Ermənistanın cəzasız qalması Azərbaycana qarşı növbəti təcavüzə səbəb oldu”