31 ildən artıq davam edən, haqsızcasına, zorla cəlb olunduğumuz Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin artıq birdəfəlik müsbət və ədalətli həlli lazımdır. Azərbaycan xalqının səbir kasası daşmaq üzrədir. İnsanlar illərdir dədə-baba torpaqlarına qayıdacağı, Qarabağa qovuşacağı günün həsrəti ilə yaşamaqdadırlar. Ötən illərdə nə qədər insanımız, məcburi köçkünümüz Qarabağa, öz torpaqlarına qovuşmadan dünyasını dəyişiblər, bu fani dünyadan torpaq, vətən nisgili ilə köçüblər.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
O qeyd edib ki, qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin həlli üçün ötən illər ərzində - həm Ümummilli lider Heydər Əliyevin zamanında, həm də ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dönəmində çox böyük, misilsiz işlər görülüb.
“Bir an olsun belə, qaçqın və məcburi köçkünlərin problemləri, onları narahat edən, düşündürən məsələlər diqqətdən kənarda qalmayıb. Onlar hər cür qayğı və diqqətlə əhatələniblər. Ancaq bütün bunlarla belə, onların əsas hüquqları - öz dədə-baba torpaqlarına, Qarabağımıza və ona bitişik işğal altında olan yurd yerlərimizə dönüş hüququ təmin edilməyib.
Azərbaycan dövlətinin, Azərbaycanın xalqının sülhsevərliyinə, dövlət başçısı İlham Əliyevin münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində böyük səbr, təmkin, müdriklik, uzaqgörənlik göstərməsinə rəğmən, təcavüzkar və işğalçı Ermənistanın işğalçılıq siyasətinə son qoyulmayıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı dörd qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qərarlarına ötən müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayıb.
Daha doğrusu, həmin qətnamə və qərarları icra etmək, yerinə yetirmək üçün dünya birliyi, elə BMT-nin özü, xüsusilə ATƏT və onun Minsk qrupu, həmsədrlər və həmsədr dövlətlər tərəfindən Ermənistana heç bir təsirli təzyiqlər göstərilməyib, təzyiq mexanizmləri işə salınmayıb, sanksiyalar tətbiq olunmayıb.
Münaqişənin həllinə, Qarabağ probleminə hələ də ikili standartlar mövqeyindən yanaşma halları davam etməkdə, bəzən isə hətta işğalçı ilə işğala məruz qalanı eyniləşdirmə, işğalçını stimullaşdırma cəhdləri sərgilənməkdədir. Əgər Ermənistana güclü təzyiqlər göstərilsəydi, sanksiyalar tətbiq olunsaydı, münaqişənin sülh və ədalətli həlli yolunda böyük məsafə qət edilmiş olardı, həm də Ermənistanın bitib-tükənmək bilməyən təxribatçılıq əməlləri durdurulardı.
Amma təəssüflər və əfsuslar olsun ki, bunları görmürük, əksinə, cəzasız qalması səbəbindən hər gün, demək olar ki, Ermənistanın, Paşinyan hakimiyyətinin növbəti təxribatçı addımlarının, sülh danışıqlarının pozulmasına, münaqişənin ədalətli həllinə qarşı yönəlmiş təxribatçılıq əməllərinin şahidi oluruq”.
Deputat deyib ki, bir neçə gün öncə Azərbaycan zabitinin, özü də həmsədrlərin növbəti dəfə bölgəyə səfər etdiyi gün düşmən ordusu tərəfindən öldürülməsi, daha bir Azərbaycan övladının şəhid edilməsi Ermənistanın, Paşinyan hakimiyyətinin niyyətlərini, münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını ortaya qoymuş oldu.
“Azərbaycan Xarici İşlər Nazirliyinin, həmçinin, Xarici İşlər naziri Elmar Məmmədyarovun bəyan etdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribat, Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid düşməsi, bu qanlı əməllər danışıqlar prosesinə ciddi zərbə vurub.
Hesab edirəm ki, artıq beynəlxalq birlik, xüsusilə Minsk qrupu və həmsədrlər sözləri, bəyanatları, quru vədləri, ikili yanaşmaları bir kənara qoymalı, sülh danışıqlarının pozulmasına qarşı yönəlmiş addımların qarşısını almalı, Ermənistanı sülhə məcbur etməlidirlər.
Bizə artıq söz, vəd, bəyanatlar lazım deyil, bizə konkret fəaliyyət, iş, ədalətin, sülhün bərqərar olunması, işğal faktına son qoyulması lazımdır. Azərbaycan bütün bu təxribatlara, haqsızlıqlara, ikili yanaşmalara rəğmən, yenə də səbirlə münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq əgər bunlar nəticə verməzsə, ölkə prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövləti və ordusu münaqişənin digər vasitələrlə həlli hüququnu özündə saxlayır.
2016-cı ilin Aprel əməliyyatları, 2018-ci ilin Günnüt əməliyyatı bir daha Azərbaycanın, Azərbaycan ordusunun nələrə qadir olduğunu və ola biləcəyini ortaya qoydu. Azərbaycanın güclü ordusu, İlham Əliyev kimi qüdrətli Ali Baş Komandanı var.
Gec-tez Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı, Qarabağımızı geri qaytaracaq, üçrəngli bayrağımız Azərbaycanımızın bütün guşələrində dalğalanacaq. Buna ermənilər də, Ermənistan da, erməni lobbisi də, ermənipərəst dairələr də tam əmin olsunlar”, - deyə millət vəkili qeyd edib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova hesab edir ki, həmsədrlərin regiona səfəri zamanı Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılıb və təxribat məqsədilə törədilib.
S.Qafarova bildirib ki, Ermənistan tərəfi bu cür təxribatlar törətməklə cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildən artıqdır davam edən bu münaqişədə mövcud status-kvonu qoruyub-saxlamaq məqsədi güdür. Millət vəkilinin bildirdiyinə görə, bu hadisə bir daha təsdiq edir ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil.
S.Qafarova qeyd edib ki, Ermənistanın sülh danışıqları, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları, sadəcə, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür.
“Reallıqda isə Ermənistan tərəfi hər cəhdlə danışıqlar prosesini pozmağa çalışır”, - deyə əlavə edən S.Qafarova bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan səhvini anlamasa, onun özü üçün ciddi problemlər yaranacaq.
“Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq”, - deyən millət vəkili bir daha vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatını pisləməli və status-kvonun dəyişdirilməsi üçün bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.
Kamil HƏMZƏOĞLU