İran və Oman Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı yenidən danışıqlara başlayıblar. Bu addım ABŞ Prezidenti Donald Trampın Tehran üzərində iqtisadi təzyiqi artırdığı, münaqişənin isə aylardır davam etdiyi bir vaxtda atılır. Dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunan boğaz ətrafındakı qeyri-müəyyənlik neft bazarlarında ciddi dalğalanmalara səbəb olmaqla yanaşı, qlobal inflyasiya ilə bağlı narahatlıqları da gücləndirib. İran və Oman arasında müzakirələrdə müvəqqəti naviqasiya dəhlizinin yaradılması, boğazda təhlükəsiz keçidin təmin edilməsi məsələləri gündəmdədir. Tərəflər həmçinin su yolunun minalardan təmizlənməsi istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparırlar. Bununla belə, danışıqların yekun nəticəsi hələ məlum.
Professor Fikrət Sadıxov Oxu.Az-a açıqlamasında bildirib ki, regionda genişmiqyaslı müharibə olmasa da ABŞ-İran və Fars körfəzində yerləşən bəzi ölkələr arasında gərginlik kifayət qədər yüksəkdir:

"Bunun bir sıra səbəbləri var. Tramp artıq bəyan edib ki, İrana qarşı ciddi şəkildə iqtisadi sanksiyalar tətbiq olunacaq. Yəni burada həm İranın özünə, eyni zamanda İrandan çıxan neftin alıcılarına da müəyyən təzyiq göstərilə bilər. Bunu artıq Ağ Ev öz bəyanatında qeyd edib".
"Amillərdən biri də əlbəttə ki, yaxın gələcəkdə keçiriləcək Konqres seçkilərdir. Tramp başa düşür ki, uduza və Konqresdə respublikaçıların sayı azala bilər. Bu da təbii ki, onun reytinqinə, imicinə bir zərbədir. Digər tərəfdən artıq Vaşinqton başa düşür ki, tam mənada İrana nəzarət etmək mümkün olmadı. Yəni, rəhbərliyi aradan götürməklə məsələ həll olunmayıb və bu günə qədər gərginlik davam edir", - deyə politoloq vurğulayıb.
Müsahibimizin sözlərinə görə, Hörmüz boğazı hazırda problemə çevrilən əsas məsələdir:
"Boğaza demək olar ki, hər iki dövlət, yəni həm ABŞ, həm İran müəyyən dərəcədə nəzarət edir. Bir tərəfdən ABŞ-nin blokadası, digər tərəfdən isə İran özü bir sıra gəmilərin giriş-çıxışına imkan vermir. Bu da əlbəttə ki, gərginliyin yüksək səviyyədə qalmasına səbəb olur. İnanmıram ki, Tramp aralıq seçkilərə qədər İranla bu böhran vəziyyətini həll edə bilsin. Çünki əgər bir neçə ay ərzində bunu edə bilməyibsə, qısa zaman ərzində bunu etmək çox çətin olacaq".
Mövzunu Oxu.Az-a şərh edən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədovun fikrincə, hazırda görünən odur ki, Amerika Birləşmiş Ştatları aralıq seçkilərinə qədər İrana qarşı daha çox iqtisadi sahədə təzyiqlərini davam etdirəcək:

"Hər bir müharibədə olduğu kimi, burada da dayanıqlılıq faktoru olduqca önəmlidir. Hərbi, maliyyə, iqtisadi, təşkilati və idarəetmə davamlılığı yoxlanılır. Müharibənin aktiv fazasından sonra İranın nümayiş etdirdiyi hərbi sahədəki dayanıqlığı mövcuddur. Hər iki tərəfin - həm İranın, həm də ABŞ-nin özünəməxsus müharibə strategiyaları var və hazırda da iqtisadi müqavimət imkanları sınaqdan keçirilir".
"ABŞ bir tərəfdən İrana qarşı sanksiyaların gücləndirilməsini həyata keçirir. Bu tədbirlər təkcə birbaşa İrana qarşı deyil, həm də onunla əməkdaşlıq edən ölkələrə şamil olunur. İran isə həmin ölkələrlə danışıqlar apararaq, onların sanksiyaları dəstəkləməməsi istiqamətində öz siyasətini və strategiyasını həyata keçirir. Yəni yaxın müddət ərzində biz bu iqtisadi dayanıqlılıq mübarizəsinin hansı formada yekunlaşacağını və hansı tərəfin daha səmərəli olacağını görəcəyik", - politoloq vurğulayıb.