Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İşaxtaranın əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi problem olaraq qalmaqdadır
İşaxtaran şəxslərin işəgötürənlər tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi də problem olaraq qalmaqdadır.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, məsələnin həlli məqsədilə nəzarət tədbirlərinin gücləndirilməsi zəruridir.
Həmçinin bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə, eləcə də iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına sahibkarlıq subyektləri tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarında şikayətlərin araşdırılmasını birbaşa nəzərdə tutan dəyişikliklərin edilməsi zəruridir.
Bundan başqa, sənəddə göstərilib ki, işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsal sanitariyası (gigiyenası) qaydalarına uyğun olan sağlam və təhlükəsiz istehsalat, eləcə də sosial-məişət şəraiti yaratmağa, əməyin təhlükəsizliyini, habelə işçilərin səhhətinə mənfi təsir göstərən amillərin zərərli təsirlərinin aradan qaldırılmasını təmin etməyə borcludur.
Göstərilənlərə baxmayaraq, bir sıra sahələrdə, xüsusilə tikinti-inşaat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına yetərincə riayət edilmir:
"Araşdırmalara və müşahidələrə əsasən demək olar ki, bir çox yeni inşa edilən binalarda işçilər hələ də təhlükəli əmək şəraitində işləyirlər. Bununla yanaşı, işçilərin şiddətli külək şəraitində və ya havanın temperaturuna dair müəyyən edilmiş normalara riayət edilmədən açıq havada, qanunvericiliyin tələblərinə zidd qaydada işlərə cəlb olunması hallarına da rast gəlinir. Odur ki, bu sahəyə məsul olan dövlət qurumları səlahiyyətləri daxilində əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına riayət edilməsinə nəzarəti gücləndirməlidirlər".
Mərahim Nəsib
"İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)" teqi üzrə xəbərlər
- Qadın alimentə görə boşanır
- Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalıdır - TƏKLİF
- İnternet üzərindən satılan dərman preparatları insan sağlamlığına neqativ təsir göstərə bilər
- Azərbaycanda ipoteka şərtlərinə yenidən baxılacaq?
- Ombudsman: "Qadın sahibkarlığının inkişaf etdirilməsi məşğulluğun artırılması üçün vacibdir"