Rəsmi İrəvan Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçiliyə görə təşəkkür edib.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan iyun ayının 23-də İrəvanda rəsmi səfərdə olan Rusiya XİN Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
Sergey Lavrov öz növbəsində bəyan edib ki, Rusiya ikitərəfli şəkildə, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsində maraqlıdır.
“Problemin həlli üçün baza var – tənzimlənmənin prinsipləri prezidentlərin çıxışlarında qeyd edilib, əsas bu prinsiplərin realizə edilməsi üçün parametrləri və addımların ardıcıllığını uyğunlaşdırmaqdır”, - Lavrov qeyd edib.
Onun sözlərinə görə, ATƏT-in MQ həmsədr ölkələr kimi prezidentlər arasında birbaşa dialoqun davamına çalışacaq.