Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mark Libbinin ayaq tutub yeriməyən yalanları - ABŞ-li səfir ölkəsini necə ifşa etdi?
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbinin İctimai Televiziyaya verdiyi müsahibə ölkə ictimaiyyətində geniş əks-səda doğurub. Çünki səfirin müsahibəsində kifayət qədər mübahisəli hesab edilən və müzakirələrə səbəb olan məqamlar mövcuddur. Mark Libbinin Azərbaycan mediası ilə bağlı qərəzli yanaşması, Ermənistanın gizli silah daşınması ilə bağlı təqdim olunan sübut və faktlardan qaçması, eləcə də Qərbin Ermənistanın silahlandırılması və regionu yeni müharibəyə sürükləməsi ilə bağlı faktları təkzib etməsi səfirin ölkəsinin ikili standartlar siyasətini nümayiş etdirir. Lakin Libbinin bütün təkziblərinə baxmayaraq, ABŞ-nin son zamanlar Cənubi Qafqaz siyasətində Azərbaycana münasibətdə siyasi diskriminasiyaya yol verməsi geosiyasi balansı Ermənistanın xeyrinə dəyişmək cəhdlərini özündə ehtiva edir. Bu isə Azərbaycan-Ermənistan sülh prosesinə mənfi təsir göstərir.
Mövzu ilə bağlı Oxu.Az-a müsahibə verən siyasi şərhçi Müşfiq Abdullanın sözlərinə görə, ABŞ-nin Ermənistan üzərindən regionda artan hərbi fəallığı reallıqdır və bunu təsdiq edən kifayət qədər açıq faktlar mövcuddur: "Təəssüf ki, səfir Libbi gözlə görünən faktları danmağa çalışır. Bütün ölkələrdə olduğu kimi, ABŞ-də də hərbi nəqliyyat təyyarələri yalnız silahların, hərbi təyinatlı yüklərin və şəxsi heyətin daşınması üçün istifadə olunur. Ermənistana erməni əsilli hərbçilərin və avadanlıqların daşınmasını əks etdirən foto və video materiallar mövcuddur. ABŞ səfiri bu faktları Azərbaycan mətbuatının dezinformasiyası kimi təqdim etməyə çalışsa da, bu xəbərləri Ermənistan tərəfi də yayıb. Ona görə də Mark Libbinin ABŞ-nin Ermənistana silah göndərmədiyinə dair iddiaları həqiqətə uyğun deyil".
- Məsələn, tutaq ki, ABŞ Ermənistanı birbaşa Azərbaycana qarşı silahlandırmır. Amma bu gün rəsmi Vaşinqton Ermənistanı Rusiyanın hərbi və geosiyasi təsir dairəsindən çıxartmaq üçün aktiv addımlar atmaqla, bu ölkənin dolayısı ilə müharibə ritorikasını yenidən gücləndirmir?
- Ermənistan ordusunun Qərb standartlarına uyğun modernləşdirilməsi və Ermənistanın Rusiyanın təhlükəsizlik sistemindən çıxarılması istiqamətində ardıcıl siyasət yürüdülür. Nikol Paşinyan hakimiyyətinin məqsədi Ermənistanın Qərb təhlükəsizlik sisteminə daxil olunmasına nail olmaqdır. Paşinyan ABŞ və Avropa İttifaqını (Aİ) Ermənistanın təhlükəsizliyinin təminatçısına çevirməyə çalışır. Bu məsələdə Ermənistanın Rusiyanın hərbi müttəfiqi olması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması Qərb təhlükəsizlik sisteminə inteqrasiyanı əngəlləyir. Ancaq Ermənistanın ABŞ və Aİ-nin dəstəyi ilə tədricən öz istəyinə nail olduğu görünür. ABŞ və Aİ bu prosesi koordinasiyalı şəkildə həyata keçirir. Bu barədə razılaşma, Ermənistan Baş naziri Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə bu il aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli konfransda əldə olunub. ABŞ hərbi kontingentinin, silahların və avadanlıqların Ermənistana daşınması da həmin prosesin tərkib hissəsidir. Bu mənada səfir Libbinin ABŞ-ni Avropa İttifaqının fəaliyyətindən xəbərsiz tərəf kimi təqdim etməsi müəmmalı suallar doğurur. Çünki belə olan təqdirdə, "ABŞ və Avropa İttifaqı Brüsseldə Paşinyanla hansı məsələləri razılaşdırıb?" sualı meydana çıxır.
- ABŞ-nin Ermənistanda hərbi iştirakının daha çox İranın İsrailə qarşı istifadə edə biləcəyi raket sistemlərini izləmək məqsədi daşıdığına dair məlumatları necə, yəqin ki, bunu da istisna etmək olmaz?
- Bu prosesdə narahatlıq doğuran məqam Ermənistanın bu prosesdən Azərbaycana qarşı istifadə etmə təhlükəsidir. Rəsmi İrəvan öz ordusunu modernləşdirmək, müasir silahlara malik olmaq üçün ABŞ-dən, Avropa İttifaqından, əlavə olaraq Fransadan və Hindistandan hərbi və maliyyə yardımları almağa çalışır. Bütün bunlar perspektivdə Azərbaycana qarşı yönələ bilər. Çünki Ermənistan müharibə vəziyyətində olan və konstitusiya ilə ərazi iddiası etdiyi ölkə Azərbaycandır. Bu isə Vaşinqton platformasında aparılan sülh danışıqlarına zərbədir. ABŞ-nin Ermənistana hərbi dəstəyinin artması bitərəflik prinsipinə ziddir və Vaşinqtonun sülh təşəbbüslərinə inamsızlıq yarada bilər. Hesab edirəm ki, ABŞ bu məsələdə danışıqlar prosesindən təcrid edilmiş Fransanın düşdüyü vəziyyətdən dərs almalıdır. Belə olan halda, səfir Libbinin Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışması ilə bölgədə yaranmış vəziyyət arasında siyasi paradoks müşahidə olunur. Yəni Ermənistanın Qərbin dəstəyini daha çox hiss etdikcə, Azərbaycanla sülhdən yayındığını və müəyyən şərtlər irəli sürdüyünü görmək olar.
- ABŞ səfirinin müsahibəsində təzadlı siyasi epizodlardan biri də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı məsələyə dair Mark Libbinin mövqeyidir. Bu məqamı necə dəyərləndirmək olar?
- Diplomatik olaraq, Mark Libbi Qarabağın Ermənistana birləşdirilməsi barədə qanunsuz qərarın referendum yolu ilə ləğvi tələbinə neytral münasibət göstərməyə çalışsa da, nəticədə Azərbaycan üçün uyğun olmayan fikirlər səsləndirib. Səfir konstitusiya referendumu ilə bağlı Azərbaycanın və Ermənistanın özlərinin qərar verməli olduğunu desə də, eyni zamanda hər iki ölkəni sülh naminə ağır kompromislərə getməyə çağırıb. Bu münaqişədə zərərçəkən tərəf Azərbaycandır və belə olan halda, Azərbaycan niyə Ermənistana güzəştə getməlidir? Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarını nəzərdə tutan heç bir qərar yoxdur. Lakin Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ilhaq edilməsi barədə qanunsuz qərar çıxarıb və bunu konstitusiyanın preambula hissəsinə daxil edib. Belə bir ölkə ilə sülh müqaviləsinin imzalanması mümkün deyil, çünki Ermənistan Azərbaycanın Konstitusiyasını, dövlət suverenliyini və ərazi bütövlüyünü pozub. Təəssüflər olsun ki, ABŞ səfiri Azərbaycanı kompromisə dəvət edir.
- Bəs, səfirin ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Azərbaycanın tələbinə münasibəti? Bu yanaşmanı da qeyri-dəqiq hesab etmək olarmı?
- Cənab Libbi yəqin ki, bilməlidir ki, 2022-ci il noyabrın 18-də ABŞ Dövlət katibinin Qafqazda xüsusi danışmalar üzrə baş müşaviri vəzifəsində olan Filip Riker Bakıya səfəri zamanı Minsk Qrupunun fəaliyyətinin dayandırıldığını, Vaşinqtonun Azərbaycanla və Ermənistanla birbaşa əməkdaşlığa üstünlük verdiyini bildirib. Riker konkret şəkildə Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmadığını qeyd edib. Buna baxmayaraq, səfir Libbinin Minsk Qrupunu "fəaliyyətsiz qurum" adlandırması, mandatı ləğv edilmiş formatın mövcudluğunu xatırlatmağa bənzəyir.
- Zənnimcə, səfirin açıqlamasında "Orta dəhliz"in əsas hissəsi və ya "arteriya"sı kimi Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd etməsi təqdirəlayiq olsa da, bu məsələdə də erməni təssübkeşliyinin əlamətləri özünü göstərirdi. Siz necə düşünürsünüz?
- Ermənistan Zəngəzur dəhlizinin açılmasına dair nəinki üzərinə düşən öhdəliyə əməl edir, hətta alternativ təklifləri də qəbul etmir. ABŞ isə son vaxtlar "Orta dəhliz"in açılmasına maraq göstərir. Bu halda ABŞ Paşinyan hökumətindən Zəngəzur dəhlizini açmağı tələb etməlidir. Təəssüflər olsun ki, səfir Libbi Zəngəzur dəhlizinin açılması üçün ABŞ-nin şərtini səsləndirərək, kommunikasiyaların açılması üçün "hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulmaması"nı mühüm şərt kimi irəli sürüb. Səfir bununla Zəngəzurda eksterritorial dəhlizin olmaması barədə Paşinyan hökumətinin mövqeyini dolayısı ilə müdafiə edir və 10 noyabr Bəyanatının 9-cu bəndinə qarşı çıxır. Yəni səfir Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqəni təmin edəcək marşruta Rusiyanın deyil, ya Ermənistanın, ya da ABŞ-nin nəzarət etməli olduğuna eyham vurur. Qəribədir ki, bu gün Azərbaycanın dörd kəndi Ermənistanın işğalı altındadır, amma səfir Libbi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasından danışmır. Yarımblokada vəziyyətində olan Naxçıvan MR-a isə nəqliyyat əlaqəsinin açılmasını Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd hesab edir.
Mərahim Nəsib
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Qulaqlarda cingilti: Alimlər dərmansız xilas olmağın maraqlı üsulunu kəşf etdilər
- KİV: "ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər"
- ABŞ husilərə şərt qoydu
- Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti - deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistana köçürür? - Pentaqondan AÇIQLAMA