Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Qaraqaya kəndi haqqındadır.
Kənd ən azı bir əsr ərzində Qaraqaya adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Dzoravank qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
Kənd XIX əsrin ikinci yarısında Gölkənd kəndinin tabeliyində olan ərazi kimi qeyd edilir. Çar Rusiyasının tərkibində kənd Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Korkotyan Z. "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)"
- 1897-ci ildə kənddə 215 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub.
1909-cu ilə aid Qafqaz təqvimi
- 1907-ci ildə kənddə 228 nəfər yaşayıb. Əhalinin əksəriyyəti azərbaycanlıların əcdadları olub.
Yelizavetpol quberniyasının 1910-cu ilə aid yaddaş kitabçası
- 1908-ci ildə kənddə 248 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub.
1912-ci ilə aid Qafqaz təqvimi
- 1911-ci ildə kənddə 248 nəfər yaşayıb. Əhalinin əksəriyyəti azərbaycanlıların əcdadları olub.
1915-ci ilə aid Qafqaz təqvimi
- 1914-cü ildə kənddə 265 nəfər yaşayıb. Əhalinin əksəriyyəti azərbaycanlıların əcdadları olub.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan (indiki Yerevan) şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-ci ildə Ermənistan Qazax qəzasının dağlıq hissəsinə iddia irəli sürüb. Qəza ərazisinin bir hissəsinin erməni nəzarətinə keçməsinə baxmayaraq, erməni müntəzəm ordusu AXC-nin tərkibində qalan torpaqlarda türk əhalisi olan kəndləri məhv etməyə davam edib.
Erməni mənbələrinə əsasən, kəndin yerləşdiyi Qaraqaya ərazisindəki azərbaycanlı kəndlərinin sakinləri daşnak birləşmələrinə qarşı müqavimət göstəriblər, lakin 1920-ci ilin iyununda qovulublar.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətinə keçmiş hissəsinin Ermənistan SSR-ə birləşməsi təsbit edilib. Sovet hakimiyyətinin ilk illərində azərbaycanlıların çoxu doğma kəndə qayıdıb.
Kənd müxtəlif illərdə Dilican və Krasnoselsk rayonlarının tərkiblərində olub.
Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)"
1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 170 nəfər yaşayıb.
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 169 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 205 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. "Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi"
1959-cu ildə kənddə 376 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti"
1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 425 nəfər yaşayıb.
1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 335 nəfər yaşayıb.
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 112 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə onlarla bütöv və dağılmış məzar daşlarının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 22 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Qaraqaya kəndi ilə bağlı 65 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.