Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şər dördlüyü: İrəvan Yunanıstan, Fransa və Hindistanın kəndiri ilə quyuya düşür - ŞƏRH + FOTO
Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermənistana səfər edib. O, erməni həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bir sıra açıqlamalar verib. Yunan nazirin fikirlərində ən diqqətçəkən məqamlardan biri Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın mümkünlüyü barədə dedikləridir.
Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb.
“Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”, - N.Dendias əlavə edib.
2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqaz regionunda sülh üçün unikal imkan yaranıb. İndi sülh heç vaxt olmadığı qədər yaxındır. Rəsmi Bakının prioriteti İrəvanla münasibətlərin normallaşmasıdır.
Amma bütün cəhdlərə baxmayaraq, sülh sazişi hələ də imzalanmayıb. Bunun əsas səbəbi Ermənistanın sürüşkən siyasəti, həmçinin zaman-zaman sərgilədiyi destruktiv mövqeyidir.
Cənubi Qafqazda baş verənlər, əslində, regional yox, qlobal xarakterli prosesdir. Aparıcı beynəlxalq aktorların bölgə ilə bağlı mövqeləri də bunu deməyə əsas verir. Çünki Ermənistanın mövcud hakimiyyətinin beynəlxalq siyasi iradəyə qarşı çıxması mümkün deyil. Deməli, beynəlxalq aktorların bəziləri Ermənistanın arxasındadırlar. Onlar rəsmi İrəvan vasitəsilə özlərinin regional maraqlarını təmin etməyə çalışırlar.
Məsələ ondadır ki, həm Yunanıstanın, həm də N.Dendiasın adını çəkdiyi digər dövlətlərin - Ermənistanın, Fransanın, Hindistanın regionda öz maraqları var. Bu dövlətlər bölgədəki təsir güclərini artırmaq üçün İrəvandan istifadə edirlər. Əlbəttə, regional sülh kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını alacaq. Ona görə adını çəkdiyimiz oyunçular gərginlik üçün çalışırlar. Bu dövlətlərin Ermənistanı sürətlə silahlandırması da müsbət dinamikanın əlaməti deyil.
Fransanın müdafiə naziri Sebastyan Lekornyu da bu yaxınlarda Ermənistanda idi. O, İrəvanla hərbi əməkdaşlıqdan danışmış, Ermənistanda Fransanın hərbi məsləhətçisinin olacağını söyləmişdi.
Bu, ilk belə hal deyil. Fransa əvvəllər də Ermənistanı silahlandırıb. 2023-cü ilin dekabrında Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.
Həmçinin, hələ 2022-ci ildə Nyu-Delhinin Ermənistana raket kompleksləri göndərməsinə dair məlumat yayılmışdı. Hindistanın “Economic Times” nəşri də 2023-cü ildə oxşar məzmunlu xəbərlər yaymışdı.
Həmçinin, Yunanıstanın da Ermənistanı silahlandırmasına dair kifayət qədər faktlar var. Qeyd edək ki, ötən il hərbi-texniki əməkdaşlıq saziş imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir. Yunanıstan həm də arsenalında olan Qərb silahlarını Ermənistana ötürür. Məsələn, ötən il Fransa-Almaniya istehsalı olan “Milan” tank əleyhinə raketlərinin Afina tərəfindən ermənilərə verildiyi barədə məlumatlar var idi.
Beləliklə, konkret faktlar, verilən açıqlamalar onu göstərir ki, adıçəkilən dövlətlər nəinki Azərbaycana, həm də regional sülhə qarşıdır.
Dördtərəfli hərbi əməkdaşlıq barədə deyilənlərə gəldikdə isə bildirməliyik ki, bu, adıçəkilən dövlətlərin, o cümlədən Afinanın bölgə ilə bağlı gələcək planlarından xəbər verir.
Tamamilə mümkündür ki, Ermənistanın Azərbaycanın müharibəyə hazırlaşması barədə əsassız iddiaları da elə bu dövlətlərin beyninin məhsuludur. Onlar İrəvanın arxasında olduqlarını göstərməklə baş nazir Nikol Paşinyanı sülh gündəliyindən uzaqlaşdırırlar.
Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlığın reallaşması perspektivdə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər. Bu isə rəsmi İrəvanın dövlətçiliyinin sual altına düşməsi deməkdir.
Onu da deyək ki, yunan Kipri dünyada beynəlxalq kriminal ofşor zona kimi tanınır. Bura Qarabağdakı qanunsuz rejimin rəhbərlərinin çirki pullarının yuyulduğu ərazi olub. Fransanın da bu oyuna qoşulması, əlbəttə, rəsmi Bakının siyasətinə təsir edəcək. Proseslərin Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıması ilə nəticələnməsi mümkündür. Artıq faktiki olaraq buna mane olacaq heç bir faktor qalmayıb.
Əvvəla, bu, müxtəlif platformalarda ikitərəfli əlaqələrin inkişafına şərait yaradacaq. Həmçinin, Türkiyə də bu məsələdə mühüm rol oynayır.
İkincisi, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əlaqələrin inkişafı onu deməyə əsas verir ki, Şimali Kipr gələcəkdə qurumun tamhüquqlu üzvünə çevrilə bilər. Bu isə ikitərəfli əlaqələri daha da yaxşılaşdıran faktor ola bilər. Şimali Kiprin TDT-nin Şuşada keçiriləcək zirvə görüşünə dəvət olunması da dediyimiz məsələ ilə bağlı ehtimalları gücləndirir.
“Report” İnformasiya Agentliyi