Mayın 28-də Müstəqillik Günündə, həm də Laçının 33 il əvvəl işğal olunduğu ayda Laçın şəhərində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışı, eləcə də Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən zirvə görüşü istər sadalanan məqamlara əsasən, tarixi, istərsə də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu görüş həm də dostluğun, müttəfiqliyin və ortaq dəyərlərin zirvəyə yüksəldiyinin əyani sübutu, eləcə də müstəqilliyimizin və tam bərpa olunan ərazi bütövlüyümüzün əbədi olduğunun təsdiqidir. Təbii ki, Laçın Beynəlxalq Hava Limanının açılışının əhəmiyyəti siyasi olmaqla yanaşı, iqtisadi cəhətdən də olduqca böyükdür. Çünki hava nəqliyyatının inkişafı həm sərnişin, həm də yük daşımalarının artırılmasına yönəlib. Həmçinin hava limanının istifadəyə verilməsi ilə Şərqi Zəngəzurun böyük turizm potensialı iqtisadi aktivliyi bərpa etməyə imkan yaradır.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva Laçının strateji əhəmiyyətinə toxunub:

"2020-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanat nəticəsində Laçın rayonu Azərbaycana hərbi əməliyyatlarsız qaytarıldı. Ali Baş Komandan İlham Əliyev tərəfindən qısa müddətdə regionda nəqliyyat, təhlükəsizlik və müdafiə infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görüldü. Bu kontekstdə, Laçında beynəlxalq hava limanının açılması işğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir. Laçında beynəlxalq hava limanının açılması yalnız regional deyil, həm də ölkə səviyyəsində nəqliyyat qovşaqlarının genişlənməsinə, bölgədə iqtisadi fəallığın artırılmasına təkan verəcək. Bu, turizm, ticarət və investisiyalar üçün əlverişli şərait yarada bilər. Xarici investorlar və şirkətlər bölgəyə daha rahat səfər edə bilərlər, bu da yeni iş yerlərinin yaradılmasına və rayon iqtisadiyyatının canlanmasına gətirib çıxara bilər".
"Qarabağ və Şərqi Zəngəzurun təbiəti və tarixi-mədəni abidələri turistlər üçün cəlbedici potensiala malikdir. Hava limanı turistlərin bölgəyə rahat və sürətli çatmasını təmin edərək turizm sektorunun inkişafına xidmət edər. Hava limanı Qarabağ və qonşu regionlar arasında kommunikasiya əlaqələrini gücləndirəcək. Bu da sosial və mədəni mübadilənin artmasına da şərait yaradacaq. Bu, həmçinin milli təhlükəsizlik və nəqliyyat infrastrukturunun modernləşdirilməsinin nəticəsidir", - deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, hava limanı Azərbaycanın sözügedən strateji bölgəsində hərbi potensialının gücləndirilməsi vasitəsi kimi milli təhlükəsizliyə dəstək verə bilər:
"Laçın işğal dövründə uzun müddət dağıntılarla üzləşib. Bu baxımdan, hava limanının tikilməsi, geniş infrastruktur işləri ciddi maliyyə vəsaiti tələb edirdi. Yol, su, elektrik, rabitə və digər mühüm xidmətlərin təminatı olmadan belə böyük layihənin həyata keçirilməsi mümkün deyildi. Azərbaycan işğaldan azad olunmuş ərazilərini özü dirçəldir, ərazilərdə 2021-ci ildən bəri genişmiqyaslı quruculuq və bərpa işlərinin görülməsinə start verilib. Prezident İlham Əliyev Macarıstanda keçirilən TDT dövlətlərinin qeyri-rəsmi Zirvə görüşü zamanı bildirmişdi ki, ölkəmizdə doqquz hava limanı var, onlardan üçü qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə tikilib. Bu da Azərbaycanın işğaldan qurtardığı əraziləri dirçəltməklə bağlı böyük istəyini və əzmkarlığını göstərir. Ölkə başçısının tapşırıqları əsasında böyük coşqu və həvəslə "Böyük qayıdış" davam edir, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına geri dönürlər. Laçında beynəlxalq hava limanının açılması, ilk növbədə, bölgənin reabilitasiyasına və yenidən qurulmasına təkan verəcək".
Mövzunu Oxu.Az-a dəyərləndirən Pakistanın Cənubi Asiya Strateji Sabitlik İnstitutunun (SASSI) prezidenti Maria Sultan bildirib ki, üç ölkə arasında reallaşan Zirvə görüşü mühüm əhəmiyyət daşıyır:

"Çünki bu görüşə yalnız Azərbaycan və Pakistan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı kimi deyil, eyni zamanda, Pakistan-Azərbaycan-Türkiyə arasındakı əməkdaşlığın inkişafı kimi də baxmaq lazımdır. Üstəlik, hər üç ölkənin qarşı-qarşıya qaldığı oxşar problem var. Pakistanın Kəşmir, Azərbaycanın Qarabağ, Türkiyənin Kipr problemi uzun illər mübahisələndirilib. Lakin hər üç ölkə bu məsələdə də birmənalı və həmrəy mövqeyə sahibdir. Bundan əlavə, bu ölkələrə məxsus olsa da itirilən ərazilərin müdafiəsi ölkələrin koordinasiyalı səylərini tələb edir. Bu, həm də bu ölkələr arasında həm iqtisadi, həm də müdafiə sahəsində regional əməkdaşlığın artacağının göstəricisidir. Bir sözlə, üçtərəfli Zirvə görüşü ölkələrimiz üçün güclü və davamlı bir prosesin başlanğıcı oldu. Bu əməkdaşlıq təkcə regional deyil, həm də ölkələrimizin müdafiə və təhlükəsizliyini, eləcə də xalqlar arasındakı bağları daha da sıxlaşdıracaq. Bu, bizim üçün böyük bir inkişafdır və ən əsası, ölkələrimizin də iqtisadi gələcəyi üçün əhəmiyyətli olacaq".
Türkiyəli iqtisadçı, professor Mehmet Yüce də Oxu.Az-a açıqlamasında bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan arasında güclənən əməkdaşlıq türk dünyası, Cənubi Qafqaz və Cənubi Asiya regionlarına təsir göstərən əhəmiyyətli geosiyasi və geoiqtisadi nəticələr doğurub:

"Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Pakistan tərəfindən tam dəstəklənən Azərbaycan qələbədən sonra regionda önəmli bir güc halına gəlib, bununla da İkinci Qarabağ müharibəsi dövründə onu dəstəkləyən iki qardaş ölkə - Türkiyə və Pakistan ilə əməkdaşlığını daha da dərinləşdirib. Bu da üç ölkə arasında iqtisadi və siyasi həmrəyliyi gücləndirib, bir növ üçtərəfli ittifaqa çevirib".
"Türkiyə, Azərbaycan və Pakistan əlaqələri, sadəcə, bu gün üçün deyil, həm də gələcək üçün böyük perspektivlər vəd edir. Bu, sadəcə, iqtisadi deyil, eyni zamanda, təhlükəsizlik və beynəlxalq münasibətlər baxımından da önəmli bir təsir qüvvəsi formalaşdırıb", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib