"Minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa və yenidənqurmanın əsas təməlidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri ANAMA İdarə heyətinin sədri Vüqar Süleymanov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən sonra şəhər yenidənqurması: Humanitar mina təmizlənməsinin kritik rolu" adlı sessiyada deyib.
O bildirib ki, bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır:
"Böyük Qayıdış" Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.
Mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır. Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir".
Sədr qeyd edib ki, 2020-ci ilin noyabr ayından etibarən 270 min hektardan çox ərazi minalardan təmizlənib, 250 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib".
Daha çox foto burada: PhotoStock.az