Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
XİN “Qarabağ”ın oyunundakı təxribata görə hərəkətə keçdi
Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda “Düdelanj”-“Qarabağ” futbol matçı zamanı baş verən təxribata reaksiya verib.
Oxu.Az-ın xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu barədə “Twitter” hesabında məlumat yayıb.
O bildirib ki, XİN baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir.
L.Abdullayeva qeyd edib ki, Azərbaycanın Lüksemburqdakı səfirinə bununla bağlı tapşırıq verilib.
“Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin (Lüksemburq) Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına, müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib”, - deyə L.Abdullayeva əlavə edib.
Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edib.
Ağdam klubunun ikinci qolundan sonra meydanda erməni təxribatı baş verib.
Matçın 31-ci dəqiqəsində dronla meydanın mərkəzinə Dağlıq Qarabağdakı qondarma rejimin “bayrağı” gətirilib.
Bu isə “Qarabağ”ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb.
Komandalar soyunub-geyinmə otağına yollanıb.
Aqşin Kərimov