Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yeni bağlantı layihəsi: Azərbaycan Avrasiya məkanında vacib oyunçuya çevrilir
"Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmizin coğrafi vəziyyəti elədir ki, ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Yüklərin daha səmərəli daşınması üçün infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları, ortaq müəssisələr yaradılır".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir:
"Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Trans-Xəzər nəqliyyat marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşulub. Ölkəmiz artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilib. Bölgədə reallaşan hər bir nəqliyyat layihəsində aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirir.
Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan dəhlizin əsas qovşaqlarından biri olan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranıb".
"Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu Çin-Mərkəzi Asiya-Azərbaycan-İran-Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olmaqla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Eyni zamanda, Fars körfəzi ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan istiqamətində səmərəli yük və sərnişindaşımalarını mümkün edəcək", - millət vəkili vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu günlərdə Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir:
"Bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək".
"Həmin biznes-forumda vurğulandı ki, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yarana bilər. Nəzərdə tutulan planların həyata keçirilməsi Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artmasında da öz sözünü deyəcək", - deyə V.Rəhimzadə fikrini yekunlaşdırıb.
Mərahim Nəsib