"Ukrayna hökumətinin istefası tam gözlənilən idi və fəaliyyətləri korrupsiya qalmaqalları səbəbindən ciddi tənqid olunurdu".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.
O bildirib ki, mövcud çağırışlara uyğun olaraq Zelenski yeni komanda formalaşdıracaq:

"Bu qərar həm də Qərbdən gələn reaksiyalara çevik cavab kimi qiymətləndirilə bilər. Müdafiə nazirinin istefasına gəlincə isə bu məsələdə ciddi fikir ayrılıqları mövcuddur. Bir qrup hesab edir ki, Zelenski onu qurban verdi. Digər qrup isə düşünür ki, generalların mövqeyini nəzərə almaq daha vacib idi. Hər iki tərəfin ciddi arqumentləri var. Avropanın aparıcı ölkələrinin Ukraynanı dəstəkləməsi ilə bağlı konsensus var. Böyük Britaniya, Fransa və Almaniya demək olar ki, bütün vasitələrlə Ukraynanı dəstəkləyirlər. Eyni zamanda bir çox Avropa ölkəsi də Ukraynaya fəal dəstək verir. Rusiya-Ukrayna müharibəsində danışıqlar yolunu dəstəkləyənlər də var. Bunlar əsasən Mərkəzi və Şərqi Avropa ölkələridir. Ukraynanın ərazi bütövlüyü məsələsində isə Aİ ölkələri yekdil mövqedən çıxış edirlər. Sadəcə, geosiyasi maraqlar və müharibədən sonrakı dövrdə qüvvələr nisbətinin formalaşması ilə bağlı fikir ayrılıqları mövcuddur. "İstəklilər koalisiyası"nın yaradılması da onu göstərir ki, bu, artıq strateji kurs kimi qəbul olunub. Ukraynaya maliyyə dəstəyi ilə bağlı strateji qərarlar qəbul edilib, hərbi büdcələr ayrılıb".
Siyasi şərhçi qeyd edib ki, Rusiyaya qarşı - Kiyevi dəstəkləyən alyans da formalaşıb:
"Böyük Britaniya başda olmaqla üç aparıcı ölkə Ukraynaya fəal dəstək verir. ABŞ-nin mövqeyi də sabitləşib. Avropanın Ukraynanı dəstəkləməsi ABŞ üçün optimal vəziyyət hesab olunur. Zaman-zaman Rusiya ilə münasibətlərdə Vaşinqton və Brüssel arasında fikir ayrılıqları olsa da, Ukraynanın müdafiə potensialının artırılması istiqamətində eyni yanaşma mövcuddur. ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşır, eyni zamanda Rusiyaya iqtisadi təzyiqləri gücləndirir. Rusiyanın öz şərtləri ilə qalib gəlməsi ABŞ-nin qlobal hegemonluğunu qorumaq baxımından əks nəticələr doğura bilər. Avropadan fərqli olaraq, ABŞ daha geniş geosiyasi mənzərəni nəzərə alır. Rusiya-Çin münasibətləri fonunda Vaşinqton balansı qorumağa çalışır. Avropa isə daha çox regional təhlükəsizlik məsələlərini prioritet hesab edir. ABŞ isə daha balanslı siyasət yürüdür. Hazırda Avropa İttifaqının mövqeyi daha prinsipial xarakter daşıyır. Daha əvvəl Aİ məsuliyyəti ABŞ ilə bölüşmək istəyirdi. Lakin indi vəziyyət dəyişib. Avropa Ukraynanı dəstəkləmək strategiyasından geri çəkilməyəcək. Yaxın perspektivdə Ukraynaya dəstəyin daha da artacağı gözlənilir. Düşünürəm ki, ABŞ da hazırda Ukraynaya dəstəkdən tam imtina etməyəcək".