Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 768, tam orta təhsil səviyyəsi üzrə isə 1075 nəfər fərqlənmə attestatı ilə bitirib.
Bu barədə Oxu.Az-a BŞTİ-dən məlumat verilib.
Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb.
Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl və gümüş medalla təltif ediliblər.
BŞTİ-dən qeyd edilib ki, ümumi təhsil müəssisələrinin 10 məzunu ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.
Belə ki, I və IV ixtisas qrupları üzrə 297, 109, 169, 58, 29 və 129 nömrəli tam orta məktəblərin məzunları, II və III ixtisas qrupları üzrə Texniki Humanitar Liseyin, 45, 89, 214 nömrəli tam orta məktəblərin məzunları maksimum nəticə göstərərək 700 bal toplayıblar.
İlhamə Əbülfət
Rəylər