Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhərə gələ bilməyənlərə kirayə haqqında güzəşt olunacaqmı?
Ölkə ərazisində koronavirus (COVID-19) təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.
Bu vəziyyət daha çox Bakı və Sumqayıt şəhərlərində kirayə mənzillərdə yaşayanları narahat edir. Hazırda həyata keçirilən tədbirlərlə əlaqədar bu şəxslər Bakı və Sumqayıta gələ bilmirlər. Mövcud vəziyyətlə bağlı şəhərlərə giriş-çıxışın qadağan olunmasının müddəti uzadılarsa, kirayə pulu məsələsində güzəşt olunacaqmı?
Vətəndaşları düşündürən suallardan biri də odur ki, bu istiqamətdə hər hansı bir tənzimlənmə mexanizmi olacaqmı? Əgər yardım olacaqsa, hansı meyarlar (ailə vəziyyəti, iş yeri, aylıq məvacib və s. - red.) əsas götürülməlidir?
Mövzu ilə əlaqədar bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Oxu.Az-ın suallarını cavablandırıb.
O bildirib ki, dövlət əvvəlcə bu mövzuda hansı şəxslərin köməyə ehtiyacının olduğunu dəqiqləşdirməlidir:
“Əksər hallarda kirayə mənzillərdə yaşayan şəxslər ev sahibi ilə müqavilə bağlamır. Bunun da səbəbi həm icarəyə verən, həm də icarəçinin vergidən yayınmaq istəyidir. Bu baxımdan dövlətə bu məsələ ilə bağlı təklif vermək çətindir. Ciddi sual yaranır ki, dövlət kimə kömək etməlidir? Bəziləri bu məqamdan sui-istifadə edərək, Bakıda, Sumqayıtda, Abşeronda kirayədə yaşadıqlarını deyəcəklər. Bu məqamların tam aydın olması üçün siyahıya almaq prosesinə diqqət olunmalıdır. Çünki bu məsələdə dəqiqləşdirmə aparılması çətindir.
Qanuni əsasla götürsək, mənzili icarəyə verənlə rəsmi müqaviləsi olan şəxslərin vəziyyəti nəzərə alına bilər. Çünki bu şəxslər iradəsindən asılı olmayan səbəblərdən icarəyə götürdükləri sahəni istifadə edə bilmir.
Daha bir misal biznes sahəsindədir. Turizm sektorunda xidmət göstərən və çalışdığı obyekti icarəyə götürən şəxslər də çətinlik çəkir. Bu halda o sahibkarların icarə haqqını ödəyə bilməməsi ilə bağlı qanuni əsas var. Çünki həmin sektorda gəlir mənbəyi yoxdur”.
Ə.Həsənov bu cür problemlə qarşılaşan şəxslərin, xüsusilə kirayə mənzillərdə yaşayan və mövcud səbəblərdən mənzildən istifadə edə bilməyənlərin dövlətə müraciət edə biləcəyini deyib:
“Dövlət yalnız şəhərdə kirayə mənzillərdə yaşayan şəxslərin zəruri əşyalarının onlara qaytarılması prosesində kömək edə bilər. Eyni zamanda, mənzili icarəyə verən şəxslər (əgər müqavilə yoxdursa - red,) icarəçilərdən kirayə pulu tələb edə bilməz. Paralel olaraq müqavilə olmadığı üçün dövlətdən də heç nə tələb edə bilmirlər.
Məsələyə daha geniş yanaşaq. Regionlardan Bakıya və digər şəhərlərə gələn şəxslər nə üçün kirayədə yaşayırlar? Burada müxtəlif sahələrdə çalışdıqları üçün. Nəzərə almaq lazımdır ki, insanların çoxu əmək müqaviləsi olmadan, yəni qeyri-rəsmi çalışırlar. Nazirlər Kabinetinin qərarında mövcud vəziyyətlə bağlı işə çıxa bilməyən şəxslərin (əmək müqaviləsi ilə çalışanlar - red.) aylıq məvaciblərinin ödəniləcəyi qeyd olunub”.
Ekspert dövlətin heç bir gəlir yeri olmayan və həqiqətən də maddi köməyə ehtiyacı olan şəxslərə minimum əmək haqqı məbləğini keçməmək şərtilə yardım məsələsinin gözdən keçirilə biləcəyini deyib:
“Bu yanaşma bütün işsiz şəxslərə şamil edilmir. Nəzərə almaq lazımdır ki, işləməyən insanların bir qismi əlavə gəlir sahəsi olduğundan, işə ehtiyacı olmadığından çalışmır. Amma mövcud vəziyyətdə ölkə üzrə bütün sahələrdə problem yarandığından dövlət bütün işsiz şəxslərə müvəqqəti sosial yardım etməlidir. Gərək ehtiyacı olmayan şəxslər həmin yardımdan imtina etsinlər. Bununla da hazırda işsiz qalan və kirayə mənzillərinin, eləcə də digər ehtiyaclarını ödəməkdə çətinlik çəkən şəxslərə dəstək olmaq olar.
Təklif edilə bilər ki, ölkə üzrə qəbul edilən yaşayış minimumu məbləğində müvəqqəti sosial yardım nəzərdə tutulsun. Dövlət elan etsin ki, bir neçə ay ərzində işləməyən bütün şəxslərə aylıq müəyyən vəsait ayrıla bilər. Eyni zamanda, insanlara çağırış da etmək olar ki, ehtiyacı olmayan şəxslər həmin vəsaiti götürməsinlər. O zaman bu çətin vəziyyətdən müəyyən qədər çıxış yolları tapmaq olar.
Məsələn, yardımı o şəxslər götürməlidir ki, ailədə çalışan bir və ya bir neçə şəxsin aylıq gəliri minimum əməkhaqqından azdır. Bir ailədə kişinin və ya qadının aldığı məvacib minimum əməkhaqqından azdırsa, onlara yaşayış minumumu məbləğində sosial yardım göstərilməsi gözdən keçirilə bilər”.
Könül Cəfərli
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın xatirəsi yad edilir
- Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
- Abşeronda avtomobil kuryeri vurdu
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər