“Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev bildirib.
O qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:
Çimərliklərə getməmişdən əvvəl cimerlik.az saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq, daha az insanın olduğu əraziyə üz tutmaq;
Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;
İstifadəsi zəruri sayılan əşyaları özünüzlə çimərliyə gətirmək;
Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;
Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;
Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;
Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;
Qadağan olunmuş ərazilərdən istifadə etməmək;
Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;
Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.
Cimerlik.az saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir”.
Çimərliyə getmək üçün əməl etməli olduğumuz qaydalar - SİYAHI + VİDEO
İlhamə Əbülfət
Rəylər