Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 310 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb.
Xüsusi karantin rejimi Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edir.
DMX əcnəbilərin nəzərinə çatdırıb ki, Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla, digər bütün regional miqrasiya idarələri fəaliyyətini tam bərpa edir:
“Həmçinin Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzi Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlayır.
Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər. Karantin müddətində Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzi həftə sonları (5 və 6, 12 və 13, 19 və 20, 26 və 27 sentyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə miqrasiya ilə bağlı müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlana bilər”.
“Bir daha qeyd edək ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 30-90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur”, - deyə məlumatda bildirilib.
Rəylər