Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pirşağıda XVII əsrin yadigarı: Vaxtilə buğda-arpa satılan Cümə məscidi - REPORTAJ
Bakının tarixi və qədimiliyi barədə danışmaqla bitməz. Paytaxtımızın tarix qoxan qədim yurdlarından biri də Pirşağı kəndidir. Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Xəzər dənizinin sahilində yerləşən kənd əsasən öz çimərliyi ilə məşhurdur.
Lakin burada əsrlərin yadigarı olan tarixi abidələrimiz, məscidlərimiz da az deyil. Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb.
Görülən işlər nəticəsində Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin əldə olunduğunu deyə bilərik. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir. Onu da qeyd edək ki, abadlıq işləri Pirşağı qəsəbəsində də həyata keçiriləcək.
Bu dəfə sizə Pirşağı qəsəbəsində yerləşən 3 məsciddən biri - Cümə məscidi barədə məlumat verəcəyik. Bu məscid 1658-ci ildə inşa edilib. Deyilənə görə, məscid o vaxt yerli kənd camaatının təşəbbüsü ilə inşa edilib.
Kənd əhalisi bu məsciddə ibadət edərdilər. Lakin, sovet dövründə bu məscid istifadəsini dayandırıb. Həmin illərdə kənd camaatı ibadətini məscidlərdə edə bilmirdi.
Məscidin bir dönəm bağlanması ilə yanaşı yem anbarı kimi fəaliyyət göstərdiyi də deyilir. Daha dəqiq məlumat almaq üçün üz tutduq məscidin axundu Əliyullah Məmmədova. Məscidin axundu Oxu.Az-a açıqlamasında deyir ki, Cümə məscidi qəsəbədə fəaliyyət göstərən ən qədim məsciddir.
“XVII əsrin ortalarında inşa edilib. Məscidin içərisi çox sərin olur. Üstəlik burada xütbə oxunarkən səs gücləndiricilərə ehtiyacımız olmurdu. Burada o vaxt kənd camaatının zəhməti böyük olub. Məscid fəaliyyətini bir müddət dayandırdı və bu müddət 1989-cu ilə qədər davam etdi. Həmin ilə qədər məscid kolxozun anbarı olub. Mən cavanlığımda bura arpa-buğda almağa gəlmişəm. Lakin, 1989-cu ildə məhərrəm ayında Cümə məscidi öz fəaliyyətini yenidən bərpa etdi. Ağsaqqallar bu məsciddə ibadət edir və gənclərə də dinin gözəlliklərini aşılayırdılar”.
Mənbələrdə XVII əsrdə Seyid Qədir tərəfindən tikildiyi qeyd olunan Cümə məscidinin sahəsi 190 kvadratmetrdir, eyni anda 60 nəfər ibadət edə bilər.
Məscidin divarları boyu xüsusi boşluqlar qoyulub. Boşluqlar xütbə oxuyan mollanın səsinin divar boyu əks-səda verərək arxa cərgədə oturan insanlar tərəfindən rahat və aydın şəkildə eşidilməsi üçün nəzərdə tutulur. Məscid fəaliyyətini dayandırdığı müddətdə onların bəziləri zərər görüb, bağlanılıb, lakin axundun sözlərinə görə, bu gün səsin eşidilməsində o qədər ciddi problem yaşanmır.
Axund deyir ki, Pirşağının qədim Cümə məscidi 2008-ci ildə təmir edilib:
“Məscidimiz Faiq və Ələkbər Tağızadə qardaşları tərəfindən əsaslı təmir etdirilib. Mənim bildiyim qədər Faiq Tağızadə generaldır və hazırda Fövqəladə Hallar Nazirliyində çalışır. Onun gənclik illəri Pirşağı qəsəbəsində keçib və buranın abadlaşdırılması üçün öz töhfəsini verdiyi üçün kənd camaatı tərəfindən sevilən, hörmət edilən şəxslərdən bidiridir.
Məndə olan məlumatlara görə, bu minarənin inşası ilə yanaşı, məscidin giriş-çıxışını da təmir etdirib. Qapı və pəncərələr yeniləri ilə dəyişdirilib. Tarixiliyinin qorunması məqsədilə məscidin içərisinə toxunulmayıb”.
Məscidə ibadət üçün gələnlər ora Quran, möhür, təsbehlər ərmağan edə bilir. Bütün bunlar ibadətə gələn kənd camaatının istifadəsi üçün qoyulub.
Qeyd edək ki, artıq yaxın zamanda ölkə başçısının tapşırıqlarına əsasən, Cümə məscidində də Pirşağıdakı abadlıq işləri çərçivəsində təmir-bərpa işləri həyata keçiriləcək.
Könül Cəfərli
FOTO: Ramil Yunus
Rəylər