“Elə general var ki, adı tarixə düşmür, lakin o, adını tarixə yazdı. Bu yolda öldü var, döndü yoxdur”.
Bu sözləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük haqq savaşında qəhrəmanlıq göstərən, öz canını torpaqlarımızın azadlığı üçün qurban verən igid hərbçimiz ölümündən bir neçə ay öncə ailəsinə deyib.
Arayış: Emin Bəhmən oğlu Süleymanov 1977-ci il iyulun 21-də İmişli rayonunun Xubyarlı kəndində anadan olub. 1983-1992-ci illərdə orta məktəbdə, 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini başa vurub. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnib. Emin Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə “leytenant” rütbəsində hərbi vəzifəsinə başlayıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qatılanda Emin Süleymanov artıq mayor rütbəsində idi. O, artilleriyaçı kimi Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşanın Daşaltı kəndi istiqamətində gedən döyüşlərə qatılıb. İki gün sonra isə Laçın dəhlizi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Oxu.Az əməkdaşı şəhidimizin ailəsinin yaşadığı ünvana baş çəkib.
İçəri daxil oluruq... Bizi şəhidimizin həyat yoldaşı və övladları qarşılayırlar.
Şəhidin həyat yoldaşı Məhsəti Süleymanova Eminlə bağlı xatirələrini danışır:
“Eminin hərbiyə marağı uşaq yaşlarından olub. Atası polis mayoru olub. Elə hərbiyə də sevgisi bundan irəli gəlib. Poqonu çox sevirmiş, hətta atasına özü üçün poqon da tikdirtdirib.
Emin 43 illik ömrünün 30 ilə yaxınını hərbidə keçirib. Peşəkar zabit idi. Hərbçi ailəsi daim təşviş içərisində olur. Onun tərxis olunmasını gözləyirdik. Bu müharibə tamam başqa cür oldu. Torpaqların alınmasından ötrü bütün ölkə səfərbər oldu. Müharibənin başlandığını bizə demirdi. Ağlımıza gəlmirdi. Müharibənin adı belə, bizdə təşviş yaradırdı”.
Məhsəti xanım Eminlə son görüşünün oktyabrın 5-də olduğunu deyir:
“Oktyabrın 4-də Gəncəyə raket atıldı. Həmin vaxt yanacaqdoldurma məntəqəsinin partladıldığını demişdilər. Daha sonra hər şey məlum oldu. Oktyabrın 5-də yenə də raket atdılar. Gözümün qabağında partlayış oldu. Uşaqlara görə daha çox narahat idim. Emin zəng edib dedi ki, uşaqları götür, get. Uşaqları götürüb, Bakıya gəldim.
Oktyabrın 4-5-i axırıncı görüşümüz oldu. Tələsik evə gəldi. Dedi ki, uşaqlar məni gözləyirlər. Yemək belə yemədi. Onun üçün birinci işi, sonra ailəsi idi. Heç vaxt işi barədə danışmırdı. O inanmırdı ki, şəhid olacaq. Qayıdacaqmış kimi getdi.
Son danışığımız 7 noyabrda olub. Noyabrın 9-da şəhid oldu. Bir gün zəng çatmayanda dəli olurdum. Həmin ərəfələrdə Bakıda idim. Bir ağırlıq, itki qorxusu var idi. Ayın 8-də çox narahat idim. Qələbəyə yetərincə sevinə bilmirdim. Əslində, ikili hiss yaşayırdım. Amma deyirdim ki, torpaqlar azad olunsun, Eminlə o torpaqları ziyarət edək. Qismət olmadı. Harada olduğunu bilmirdik. Noyabrın 9-da artıq onun şəhid olduğunu evdəkilər bilirdilər, lakin mənə demədilər. Dörd gün sonra xəbər tutdum”.
Məhsəti xanım Emin haqda danışır, Bəhmən və Emiliya isə sakitcə oturub, gözlərini atalarının fotolarına dikiblər.
M.Süleymanova deyir ki, Polad Həşimov və İlqar Mirzəyevin şəhadəti Eminə çox təsir edib:
“Deyirdi ki, bu iş bitməlidir. Öldü var, döndü yoxdur. Polad Həşimovun şəhidliyi ona təsir etdi. Dedi, general var ki, adı tarixə düşmür, lakin o, adını tarixə yazdı. İlqar Mirzəyev Eminin taqım komandiri olub. Onun da şəhadətinə çox təəssüfləndi.
Şəhidlik ucadır. Lakin bəzən deyirəm ki, ay Emin, sən övladlarının yanında olmalı idin. Zabitlər həmişə güllənin istiqamətini də bilirlər. Emin 382 əsgərinin önündə gedən zabit olub. O, şəhid olacağını bilirdi, sadəcə, demirdi. Həmişə deyirdi ki, qismətimdə nədirsə, o da olacaq. Şəhid olan komandirlər əsgərlərini qoruyub şəhid olublar. O, yorğun halda müharibəyə qatıldı. Getməməyi özünə pis bilirdi. Deyirdi ki, mən əsgərlərimi ata bilmərəm”.
Şəhid xanımı Eminin yoxluğunu qəbullana bilmədiyini deyib:
“Bu gün onu hiss edirəm. Onu ömürlük görməmək hissi gələndə özümə gələ bilmirəm. Noyabrın 13-də mənim dünyam dağıldı. Bakıda idim. Onun tabutunu İmişliyə, ata yurduna aparmışdılar. Şokdaydım. Çox çətin anlardı. Emin kimi həyat yoldaşını itirmək çox ağırdır. İki il ötüb, hələ də qatlana bilmirəm. Eminlə mən sağlığında da qürur duyurdum.
Yuxularıma girir. Ancaq gülür. Eminin nə şəhid, nə də qazi olacağı ağlıma gəlməzdi. Məni o qədər inandırmışdı ki... Kaş qazi olaraq gələydi, amma gələydi. Evində, uşaqlarının yanında olardı. “Kaş ki”lər çoxdur”.
M.Süleymanova bəzən atasını günahkar bildiyini deyib:
“Həyatımın dayaq nöqtəsini itirdim. Bəzən atamı günahkar bilirəm. Ona deyirəm ki, yeznəni qoruya bilmədin. Emin məni hər kəsdən incik salıb.
Emin ailəcanlı, ana istəyən oğul olub. Ailədə yeddi övlad olublar. Dördüncü övladdır ki, dünyadan köçür.
Qızım Emiliyanın 14, Bəhmənin 15 yaşı var. Emiliyanın adını özü qoyub. Qızımızın ad günündən bir gün öncə onun tabutu gəldi. Qızını bir gün öncədən təbrik etmək istəyib”.
Məhsəti xanım son təxribat hücumlarının onu iki il öncəyə qaytardığını da sözlərinə əlavə edir:
“Sentyabrın 12-dən 13-nə keçən gecə olanlar məni iki il öncəyə qaytardı. Hər şəhid xəbəri məni Vətən müharibəsi günlərinə qaytarır. Yanğını daha da artırır. Torpaqların qayıtmağına sevinirik. Lakin təəssüf ki, oğullar qayıtmır.
Emin üçün işi, əsgəri daha önəmli idi. İrəli getməyi düşünürdü. Ancaq canını qoruya bilmədi. O torpaqlara gedib xürrəm yaşamaq şəhid ailələrinə qismət olsun. Səngərdə olan əsgərlərə demək istərdim ki, salamat qayıtsınlar. Ayıq-sayıq olsunlar. Valideynlərinə səbir diləyirəm”.
Emin Süleymanov övladlarına çox bağlı biri olub. Oğlu Bəhmən atasının tərxis olunmasını səbirsizliklə gözlədiklərini deyib:
“Atam boş vaxtlarını bizə sərf edirdi. Bizimlə bacardığı qədər vaxt keçirməyə çalışırdı. Dərslərimizlə maraqlanır, bizim savadlı olmağımızı çox istəyərdi. Vətənə layiqli övlad olmağımızı daim arzulayıb. Tərxis olunmasını gözləyirdik.
Son dəfə, həmişəki kimi, evə yorğun gəldi... Vidalaşa bilmədik. Yuxuda görmüşəm. Amma tam xatırlamıram”.
Noyabrın 14-ü Emiliyanın doğum günüdür. Qızın ad günündən bir gün öncə evə atasının nəşi gəlib.
“Atam bəzən işə gedəndə deyirdi ki, birlikdə gedək. Çox sevinirdik ki, atamla gedəcəyik. Atam ilə getmək üçün çox çalışırdıq. O, evə gələndə biz çox sevinirdik”, - Emiliya deyir.
Şəhidimizin xanımı bildirir ki, Emin Süleymanovun adının məktəbə verilməsini istəyərdi: “Bir tək adının yaşadılmasını arzulayıram”.
Qeyd edək ki, Emin Süleymanova öncədən qüsursuz xidmətlərə görə medallar verilib. Ölümündən sonra Şuşa, Kəlbəcər və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif olunub. “İgidliyə görə” və “Cəsur döyüşçü” medallarına da layiq görülüb.
Daha çox foto burada: Photostock.az
Nəzrin Vahid
Rəylər