27 
İyn
2018
15:44
79
44
6210
Virtual karabakh

Taleh Nəsibov: Deməzdim ki, onları məğlub etmək qeyri-mümkündür

27 İyn, 2018
15:44
6210

Taleh Nəsibov: Deməzdim ki, onları məğlub etmək qeyri-mümkündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Minifutbol Federasiyasının (AMF) yaranmasında və ümumiyyətlə, ölkədə minifutbolun inkişafı və təşviqatında xüsusi rolu olan “Azfar Group” həm də Alfa Liqanın 32 iştirakçısından biri idi.

Qrup mərhələsində mübarizəni dayandıran şirkət komandası yalnız top fərqinə görə rəqibindən geri qalmışdı. 

Oxu.Az xəbər verir ki, bugünkü qonağımız “Azfar Group” şirkətinin direktoru Taleh Nəsibovdur.

– Taleh bəy, istərdik ki, ilk növbədə şirkətiniz haqda məlumat verəsiniz...

– “Azfar Group” 2008-ci ildə təsis olunub. İlk stadionumuz “Gənclik” metrostansiyası yaxınlığında yerləşən 200 saylı məktəbin ərazisində istifadəyə verilib. Uğurlu fəaliyyətimizin nəticəsidir ki, Bakı və Sumqayıtda olmaqla, hazırda 16 ünvanda otuz stadionumuz futbolsevərlərin ixtiyarına verilib.

Fəaliyyət dairəmizi genişləndirərək başda Gəncə olmaqla, regionlarda da stadionlar inşa etməyi planlaşdırırıq. Çox ümid edirəm ki, yaxın zamanlarda Gəncə əhalisini sevindirəcəyik.

– Bildiyimiz qədərilə AMF-nin təsisçisi “Azfar Group”dur. Lütfən bu haqda qısa da olsa, danışardınız...

– Çox gözəl məqama toxundunuz. Qeyd edim ki, kommersiya şirkəti olmaqla yanaşı, həm də sosialyönümlü fəaliyyətimizə xüsusi diqqət yetiririk. AMF də şirkətimizin sosialyönümlü fəaliyyətinin nəticəsində təsis olunub. Bunun maraqlı tarixçəsi var.

Neçə vaxt idi ki, öz-özlüyümdə bu haqda düşünürdüm. Baxmışdım ki, AFFA-nın nəzdində futzal və çimərlik futbolu var. Lakin minifutbol federasiyası yoxdur. Daha sonra marketinq şöbəsinə minifutbolla bağlı, bu oyunun hansı beynalxalq təşkilatlar tərəfindən təmsil olunması və tənzimlənməsi ilə bağlı araşdırma aparılmasını tapşırdım.

Gördük ki, Avropa və Dünya minifutbol federasiyaları mövcuddur. Bir çox ölkə onlara üzv olub. Düşündük ki, bu qədər stadionumuz və müştəri bazamız ola-ola niyə ölkədə minifutbola nəzarət edəcək bir federasiya təsis olunmasın?!

Sonra sabiq futbol hakimi və Dünya Minifutbol Federasiyasının (DMF) Hakimlər Komitəsində çalışan Əfqan Həmzəyevin vasitəsilə adıçəkilən qurumun prezidenti Filip Yudanı Bakıya dəvət etdik.

DMF prezidenti şirkətimizin stadionları ilə tanış olduqdan sonra bizə bildirdi ki, səfər etdiyi üzv ölkələrin heç birində bu qədər stadiona, bu cür infrastruktura malik ikinci bir şirkət görməyib və əlavə etdi ki, lazımi sənədləri toplayıb AMF-ni təsis etsək, rahatlıqla Avropa və Dünya minifutbol federasiyalarına ölkəmizi üzv qəbul edəcəklər.

Şirkətimizin malik olduğu stadionlar bu məsələdə xüsusi rol oynayacaq. Oktyabr ayında DMF-in dəvətilə Tunisin Nabul şəhərində baş tutan minifutbol üzrə dünya çempionatına yollandıq. Elə oradaca mən və Yuda “Azfar Group” ilə DMF arasında anlaşma memorandumu imzaladıq.

– “Azfar Group”un AMF-yə dəstəyi və ölkədə minifutbolun inkişaf və təşviqatındakı rolunu necə görürsünüz?

– Ümumiyyətlə, şirkətimiz on illik fəaliyəti ərzində bu oyunu məhəllə, küçə aspektindən çıxarıb 6x6 formatında olan minifutbol anlayışına daşıyıb. Hətta deyərdim, ölkədə minifutbolun təməlini qoyub.

Hər ay müxtəlif kateqoriyadan, müxtəlif peşə sahibi olan insanlar bizim meydançalarda top qovurlar. Paytaxtımıza səfəri zamanı cənab Yuda stadionlarımızın ölkəmizdə minifutbolun idman növü kimi geniş vüsət almasında açar rolunu oynayacağını xüsusilə vurğulamışdı.

Təsis etdiyimiz AMF isə həvəskar futbolçularımıza artıq nəinki ölkə hüdudlarında, hətta ölkə xaricində – dünya və Avropa çempionatlarında və digər beynəlxalq turnirlərdə də mübarizə aparmaq, özlərini göstərmək imkanı yaradacaq. Biz isə hər zaman bütün işlərdə AMF-ə dəstək olacağıq.

– Artıq AMF-yə dəstək göstərirsiniz. Federasiyanın ilk çempionatı olan Alfa Liqa məhz “Azfar”ın stadionlarında təşkil olunur...

– Hazırda çox sayda minifutbol turnirləri keçirilir, əksəriyyəti də bizim stadionlarda təşkil olunur. Lakin Alfa Liqa onlar arasında səviyyəsinə görə çox fərqlənir. Təbii ki, bu cür turnirə ev sahibliyi etmək bizim üçün xoşdur.

– Həm də iştirakçı kimi Alfa Liqaya dəstək olmusunuz. Şirkətinizin eyniadlı komandası da 32 komanda arasında idi...

– Belə bir yüksək səviyyəli turnirdə həm də komanda şəklində iştirak etmək bizim üçün çox xoş idi. Təəssüf ki, pley-off mərhələsinə vəsiqə qazana bilmədik. Təbii ki, bir rəhbər kimi mübarizəni dayandırdığımıza görə məyus oldum. Axı biz həm də ev sahibi idik. Lakin bu məqam turnirin şəffaflığından xəbər verir.

Sizə bir əhvalatı danışım. Turnirin startına yaxın heyətdən aparıcı bir oyunçumuzu ciddi səbəblərə görə uzaqlaşdırmışdıq. Təşkilatçılara şəxsən yaxınlaşıb yerinə başqa oyunçu sifariş etmək üçün xahiş etsəm də, sifariş ərizəsi üçün nəzərdə tutulan vaxtın bitdiyi bildirilib xahişimi yerinə yetirmədilər. Bu da onu göstərir ki, təşkilatçılar hər kəsə eyni gözlə baxır, hər bir komandaya qarşı ədalətlidirlər.

– Yeri gəlmişkən, siz özünüz də sifariş ərizəsində var idiniz. Lakin heç bir oyunda adınız oyun protokoluna salınmadı. Səbəb nə idi?

– Şirkət direktoru olduğumdan, işlərimin çoxluğu turnirdə iştirakıma mane oldu. Çox istəyirdim ki, Alfa Liqada oynayım. Baxın, hətta 77 nömrəli formam da var idi (gülümsəyərək arxada səliqə ilə asılmış formanı göstərir). Lakin qismət olmadı.

– Turnirdə favorit qismində hansı komandaları görürsünüz?

– Açığı, Azfar Biznes Liqasında payız və yaz turnirlərinin qalibi olan “Azərsun”u favorit görürdüm. Lakin onlar turnirdəki iştiraklarını dayandırdığından, düşünürəm, bizim qrupdan maksimum xalla çıxan “Peçat Dönər” və şirkətimizin daimi müştərisi olan Abbasov Müzəffərin qurduğu “Galaxy” komandaları çempionluğa daha şanslıdırlar. Unutmayaq ki, “Galaxy” də ölüm qrupunu doqquz xalla başa vurmuşdu.

– Avqustda Kiyevdə start götürəcək AÇ-də yığmamızın uğurlu çıxışına inanırsınızmı?

– İlk öncə milliyə təyin olunan baş məşqçi Elşad Quliyevi uğurlu seçim sayıram. Bir neçə dəfə onunla görüşüb söhbətləşmişik və mən Elşad müəllimdə o qığılcımı sezmişəm. Düzdür, qrupumuz güclüdür.

Rəqiblərimizdən Çexiyanı çempion olduqları Tunisdəki DÇ-də izləmişəm və çox güclü komandaları var. Lakin deməzdim ki, onları məğlub etmək qeyri-mümkündür. İnanıram ki, ilk ciddi sınağımız olmasına baxmayaraq, millimiz uğurlu çıxışı ilə hamımızı sevindirəcək.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri