Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tanınmış cüdoçumuz: “Olimpiadadan sonra çəkimi qaldırmaq və ya karyeramı bitirmək istəyirdim”
“Əlbəttə ki, məşq üçün darıxıram. Amma təskinlik tapıram. Çünki bütün günü ailəmin yanındayam. Əvvəl onlar üçün də darıxırdım”.
Bunu Oxu.Az-a Azərbaycanın cüdo üzrə millisinin üzvü, Olimpiya, dünya mükafatçısı və Avropa çempionu Rüstəm Orucov deyib.
28 yaşlı idmançımız ən çox Olimpiadanın təxirə salınması ilə çəkisini yenidən aşağı salmağa görə pis olub:
“Ailə ilə birgə olmağımıza görə sevinirik. Amma bir tərəfdən də pis olursan. Çünki Olimpiada təxirə salındı. Mən də daha bir il 73 kq-da çıxış etməli olacağam. Gələn il Olimpiadadan sonra avqustda Konyada V İslam Həmrəylik Oyunları var. Dünya və Avropa çempionatlarında da çıxış etməliyəm.
Olimpiadadan sonra ya çəkimi 81 kq-a qaldırmaq, ya da karyeramı bitirmək istəyirdim. Çünki 2011-ci ildən çəki sala-sala gedirdim. Bu, əziyyətli prosesdir. İndi isə məcburam ki, daha bir il də 73 kq-da çıxış edim”.
Rusiya doğumlu idmançımız karantin günlərində evdə gördüyü işlərdən də danışıb:
“Evdə trenajor avadanlığım var. Fiziki məşq edə bilirəm. İki övladım var. Onlara rəqəmləri, hərfləri öyrədirəm. Axşam 10-dan sonra isə həyat yoldaşımla oturub filmlərə baxırıq”.
Səbuhi Musayev
Rəylər