Millətlər Liqasının I turunda baş tutmuş Azərbaycan – Lüksemburq oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Luk Holts jurnalistlərin suallarını cavablandırıb.
Oxu.Az-ın müxbiri rəqib məşqçinin mətbuat konfransındakı fikirləri təqdim edir:
“Qələbəyə layiq idik. Əvvəl belə performans göstərəcəyimizə inanmırdıq. Amma ikinci məşqdən sonra yaxşı nəticəyə inamımız artdı və bu gözləntini komandam oyunda göstərdi. Azərbaycanın ilk hissədə qırmızı vərəqə alması da işimizi asanlaşdırdı.
Monteneqro bu qrupun favoritidir. Amma qarşıdakı oyunlarda da bu cür performans nümayiş etdirsək, qrupdan çıxa bilərik. Açığı, hər iki qolumuzda da Azərbaycanın rolu olacağını (millimizə avtoqol və penaltidən qol vurublar - S.M.) gözləmirdim. Amma bu, o demək deyil ki, biz layiqli qələbə qazanmadıq.
Azərbaycan indiki baş məşqçisi ilə daha çox ispan üslublu futbol sərgiləyir. Mən də dünən demişdim ki, Azərbaycan bu oyunda favoritdir. Biz ötən Millətlər Liqasında San Marino və Moldovaya da qalib gəlmişdik. Yəni bu, səfərdə ilk qələbəmiz deyıl”.
Səbuhi Musayev