Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cənub bölgəsinin istifadə edilməyən turizm potensialı: Dəniz, göl, meşə, dağ… - FOTO
Son günlər sosial şəbəkələrdə Azərbaycan bölgələrinin, xüsusən də cənub rayonlarının turizm potensialından kifayət qədər istifadə edilmədiyinə dair müzakirələr aparılır. Xəzər dənizinin Bakı, Sumqayıt şəhərlərini, Abşeron, Şabran, Xaçmaz rayonlarını əhatə edən sahillərində yaradılan, qurulan turizm şəraitinin Lənkəran və Astara rayonları ərazisində təşkil edilməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, bu istiqamətdə cənub rayonlarının imkanlarından lazımınca yararlana bilməmişik.
Ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı Medianews.az-a bildirib ki, turizm potensialı böyük olan cənub rayonlarımız Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı nədənsə, diqqətdən kənarda qalıb.
O, Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun paytaxtla əlaqəni daha sürətli etməsinə diqqət çəkərək qeyd edib ki, yol infrastrukturu qurulduğu, gediş-gəliş asan və rahat olduğu üçün cənub bölgəsində turizmin bir neçə istiqamətini inkişaf etdirmək olar:
“İlk növbədə müalicə turizminin adını çəkə bilərik. Xəzər dənizinə çıxış və maqneziumla zəngin qara qum revmatizm, Lənkəran İstisu və Sağlamlıq Mərkəzi qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın, sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi üçün əlverişlidir. Ekoturizm üçün Hirkan Milli Parkı, o cümlədən Xanbulançay Su Anbarı, Qızılağac Milli Parkı, dağlar, meşələr, yeni salınan cığırlar cəlbedicidir. Bütün bunlar turistləri təbiətə daha yaxın edir. Astaranın Sım, Lerikin Zuvand kəndləri istiqamətində yolboyu əsrarəngiz təbiət, Yardımlının Təkdam şəlaləsi təbii möcüzələridir. Bu gözəllikləri görmək və göstərmək, təbliğ etmək gərəkdir”.
Ekspert cənub bölgəsinin aqroturizm potensialından da söhbət açıb:
“Yaşıl çay” fermer təsərrüfatında, “Sitrus bağları”nda məhsulun sahədə becərilməsindən qablaşdırılmasına kimi bütün prosesləri öz gözünüzlə görə bilərsiniz. Bundan başqa, dadlı talış mətbəxi, tarixi abidələr və uzunömürlülər muzeyi bu bölgədə qonaq olan hər kəsi təəccübləndirə bilər. Hal-hazırda Lənkəranda hava limanı olsa da, həftədə bir dəfə Moskva reysi ilə kifayətlənir. Bakı-Astara qatarı, Bakı-Astara və Bakı-Lənkəran avtobus reysləri ilə paralel olaraq dəniz nəqliyyatının təşkil olunması barədə də fikirləşmək olar. Həmçinin bölgə şəhər və rayonları arasında ictimai nəqliyyatın keyfiyyəti də diqqət mərkəzində olmalı, mobillik təmin edilməlidir. Regiona səfər edən turist oradakı turizm qovşaqlarına, bazalara, hotel və mehmanxanalara, istirahət mərkəzlərinə asanlıqla çıxış əldə etməlidir”.
R.Ağamirzəyev təəssüflə qeyd edib ki, cənub bölgəsinin mühüm şəhərlərindən olan Lənkəranda ictimai nəqliyyatın keyfiyyəti aşağı səviyyədədir:
“Əgər biz turist qəbul etmək istəyiriksə, yol infrastrukturunun hər bir detalına önəm verməliyik. Yol ilə yanaşı dayanacaqlar, səkilər, işarələr, keçidlər müasir standartlara cavab verməlidir. Sürətli internet, insanların rahat gecələməsi, yaşaması, qidalanması, işləməsi, gəzib-dolaşması, həmçinin məsafədən idarə olunma, “cowork-shop”lar üçün standartlara uyğun turizm obyektləri olmalıdır. Elə etmək lazımdır ki, sadəcə turistin rahatlığı deyil, sürətli internetdən yararlanmaqla Bakıdakı işini regiondan idarə edə biləcək şəxslərin tələbatı da nəzərə alınsın. Bu halda hansısa bir işi paytaxta gəlmədən, təbiət qoynunda, məsafədən də həll etmək olar. Bütün bunlar günün tələbləri səviyyəsində olmadığı üçün insanlar regionlara getməkdən, orada uzunmüddətli istirahət və iş səfərləri etməkdən çəkinirlər. Əfsus ki, hazırda cənubda müasir infrastruktur quruculuğu və bölgənin lazımi səviyyədə təbliği təmin olunmayıb”.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
Rəylər