"Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar... Yavaş sür!" Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi. Və nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömrü deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir "cəsarət nümayişi" və ya "bacarıq sınağı" üçün qurban verilə bilməz.
Oxu.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Göygöldə iki gəncin ölümü və ikisinin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlamasında deyib.
O xatırladıb ki, noyabrın 2-si saat 23:40-da Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 371-ci kilometrində 27 yaşlı Elvin Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq yolun sağ kənarındakı dəmir səddə çırpılıb və aşıb. Nəticədə sürücü Elvin Məmmədov və avtomobildə olan 16 yaşlı İsmət Əliyev hadisə yerindəcə həyatını itiriblər, digər iki sərnişin - Sənan və Tunar isə ağır xəsarətlər alıb.
Rövşən Tağıyev əlavə edib ki, bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır:

"Hər kilometrin sonunda həyat dayanır - ya sağ, ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsini əvəz etməz, heç bir "mən bacarıram" sözü bir ananın göz yaşını silə bilməz.
Sükan arxasında məsuliyyətli olun, sürət həddini aşmayın, təhlükəsiz məsafəni qoruyun və hər zaman ehtiyatla hərəkət edin.
Unutmayaq ki, yollar insanları birləşdirmək üçün çəkilib, ayırmaq üçün yox".