“Elektrik enerji sərfiyyatına görə hesablanmış borcun ödənilməsi üzrə qanunvericilikdə müəyyən edilmiş 1 ay müddətinin bildirişlərdə əks olunmasına dair “Azərişıq” ASC tərəfindən zəruri tədbirlər görülməkdədir”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Oxu.Az-a açıqlamasında belə deyib.
Z.İsayev bildirib ki, “Azərişıq” ASC-nin rəsmi internet səhifəsində və elektrik enerjisi sərfiyyatına görə enerji təchizatı müəssisəsi tərəfindən istehlakçılara verilmiş (göndərilmiş) bildirişlərdə 10 təqvim günü ərzində ödənişin həyata keçirilmədiyi təqdirdə, enerji təchizatının dayandırılacağı barədə məlumatlar Dövlət Xidməti tərəfindən araşdırılıb.
“Azərişıq” ASC-nin rəsmi saytının “Bildiriş nədir?” bölümündə Oxu.Az-ın müzakirəyə çıxardığı 10 gün məsələsinin qanunvericiliyə uyğun olaraq 1 ayla (bir ay) əvəz edilməsi istiqamətində işlər gedir. Həmin səhifə (http://www.azerishiq.az/index.php7lang =az&menu=subscriber&id=19) müvəqqəti aktiv deyil.
Qeyd edək ki, hüquqları pozulan şikayətçilərdən birinin “Azərişıq” ASC ilə aylarla yazışmasından və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işə qarışmasından sonra 22.05.2017 tarixində saytda dəyişiklik edilərək 10 gün məsələsi yığışdırılmışdı. Düzəliş edilərək 30 gün yazılmışdı. Amma həmin bölmədə nümunə kimi yerləşdirilən hər bir abunəçinin aldığı bildiriş olduğu kimi qalmışdı.
Xatırladaq ki, Oxu.Az ötən həftə “Azərişıq” ASC tərəfindən ödəniş müddəti başa çatmadan istifadəçilərin elektrik enerjisinin verilməsinin borc səbəbi ilə dayandırılmasını araşdırmışdı. Araşdırma zamanı məlum olmuşdu ki, borcu ödəmək üçün “Azərişıq” ASC tərəfindən istehlakçıya verilən müddətlə qanunvericilikdə göstərilən müddət arasında 20 gün fərq var. Yəni, istehlakçı borcu “Azərişıq” ASC-nin işçilərinin tələb etdiyi kimi 10 gün deyil, 30 gün ərzində ödəmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər.
Zülfiyyə Qurbanova
www.oxu.az
Rəylər