Azyaşlı uşağın şəkərli diabet xəstəliyi səbəbindən Bakıdakı uşaq bağçasından uzaqlaşdırıldığı iddia olunur.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" uşaq bağçasından şikayətçidir. Onun sözlərinə görə, övladı ailəyə əvvəlcədən xəbərdarlıq edilmədən bağçanın "Əcəmi" filialından uzaqlaşdırılıb.
Valideyn bildirib ki, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi olaraq həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyinin uşağın xəstəliyini əsas gətirərək onun bağçada qalmasına məhdudiyyət qoyduğu iddia olunur.
Hədiyyə Qurbanəliyevanın sözlərinə görə, əvvəlcə onlara uşağın bir-iki ay evdə qalmasının məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçaya davam etməsi üçün əlavə olaraq fərdi nəzarətçinin işə götürülməsi tələb olunub. Ailə bununla bağlı xərcləri qarşılamaq imkanının olmadığını bildirib.
Valideynin sözlərinə görə, bundan sonra bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portalda qeydiyyatdan çıxarılmasını tələb ediblər. Ailə buna razı olmadığını bildirsə də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıb.
Onun sözlərinə görə, qeydiyyatın ləğvi ilə bağlı ailəyə hər hansı rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim edilməyib.
Valideyn hesab edir ki, bu yanaşma etik normalara və uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir. Məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib.
İddialara aydınlıq gətirmək üçün bağçanın rəhbərliyi ilə əlaqə saxlamağa çalışılsa da, müəssisə rəhbərliyi çəkiliş qrupunu görən kimi qapıları bağlayıb, pərdələri çəkib və işıqları söndürüb.