İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib.
Oxu.Az bu barədə "El País" qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçilərin şəxsiyyətinin, habelə vətəndaşlığının yoxlanılmasını nəzərdə tutacaq. Yoxlamalar seçmə üsulla aparılacaq və sentyabrın 7-dək davam edəcək.
Xatırladaq ki, iyulun sonunda onminlərlə qanunsuz miqrant İspaniyanın Seuta şəhərinə axın etmişdi. Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlmişdi. Qanunsuz miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal olunur.
Bunun ardınca İtaliya İspaniya ilə Şengen sazişinin qüvvəsini müvəqqəti olaraq dayandırıb. Öz növbəsində, İspaniya Xarici İşlər Nazirliyi bu qərarı əsassız adlandırıb.