Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 107 ünvanında yaşayan sakinlər ərazidə fəaliyyət göstərən "Elit Pub" adlı obyektin səs-küy yaratmasından narazıdırlar.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər xüsusilə gecə saatlarında buradan gələn yüksək musiqi səsinin onların istirahətinə mane olduğunu deyirlər.
Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
"Elə bil, diskoteka evin içərisindədir. Ömrüm burada keçib. Bu yaşımda evimdən didərgin düşməliyəm?!", - deyə sakin narazılığını dilə gətirib.
Vətəndaşların iddiasına görə, bəzi günlərdə obyektdəki yüksək səs gecə saat 3-4-ə qədər davam edir.
"Gecə saat 4-də aşağı düşüb saatı göstərmişəm. Demişəm ki, burada nə bazar açmısınız?! Ad günü, məclis adı ilə üzr istəyiblər", - deyə şikayətçi bildirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iaşə obyektində məişət səs-küyü ilə bağlı vətəndaşları narahat edən neqativ hal polis əməkdaşları tərəfindən aradan qaldırılıb. Obyektin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni əməlin təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi də onun diqqətinə çatdırılıb.