Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda məşhur restoranlar bağlana bilər - SİYAHI
Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə ETSN tərəfindən verilən vaxtdan altı ay keçməsinə baxmayaraq, bu günə qədər yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bildirib.
Onun sözlərinə görə, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub:
“Cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır. 20 iaşə obyektinin - “Yeddi Gözəl”, “Sonalar Sonası”, “Gilavar”, “Oazis”, “Çanaqqala”, “Şahzadə”, “Şəlalə”, “Meqa Palas”, “Kəndimiz”, “Çıraq”, “Qabırğa” və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib.
Hazırda daha 15 iaşə obyektinin – “Topqapı”, “Ankara”, “Mübarək”, “Eliza”, “Cratos Hall”, “Qızıl balıq”, “Şır-şır”, “Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır.
Həmin iaşə obyektlərinin sahiblərinin diqqətinə çatdırmaq istərdik ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılacaq iaşə obyektlərinin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq. Onların fəaliyyətlərinin bərpasına ETSN tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək”.
Faiq Mütəllimov qeyd edib ki, müvafiq təmizləyici qurğunun quraşdırılması məqsədilə müqavilə bağlayan, lakin ötən xeyli müddət ərzində bu istiqamətdə heç bir iş görməyən, atmosferi çirkləndirməkdə davam edərək əhalinin haqlı narazılığına səbəb olan iaşə obyektləri barəsində də cərimə tətbiq edilməklə yanaşı, onların fəaliyyətlərinin dayandırılması, daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılacaq.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər