Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib.
Qeyd edilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Rəylər