Əməliyyat zamanı cərrahların, tibbi heyətin və assistentlərin yaşıl və ya göy rəngli geyimlərdən istifadə etməsi təsadüfi deyil.
İlk baxışdan geyim rənginin əhəmiyyətsiz olduğu görünsə də, bunun arxasında ciddi tibbi və fizioloji səbəblər dayanır. Cərrah İlqar Yusubov mövzu ilə bağlı Baku TV-yə bildirib ki, bu seçim cərrahiyyə praktikasında illərin təcrübəsi nəticəsində formalaşıb:
"Əməliyyat zamanı cərrah saatlarla qırmızı toxumalara və qana baxmaq məcburiyyətində qalır. Ağ geyim və güclü cərrahi işıqlar bu zaman gözü həddindən artıq yorur və hətta başgicəllənməyə səbəb ola bilir. 4-8 saat davam edən əməliyyatlarda gözün qırmızı rəngdən yaşıl və ya maviyə keçməsi vizual kontrast yaradır. Bu kontrast isə gözün yorulmasının qarşısını alır".