Qan Turalı yazır...
Gündəmin ən qaynar mövzularından biri də heç şübhəsiz ki, 2026-cı il dövlət büdcəsində kinematoqrafiyaya büdcə ayrılmamasıdır. Məsələni müzakirəyə çıxaran isə 18 il (1988-2006) mədəniyyət naziri işləyən Xalq artisti Polad Bülbüloğlu oldu. Polad müəllim olmasaydı, bəlkə də bu məsələ ictimaiyyətin diqqətini cəlb etməyəcəkdi.
Polad müəllimin sorğusuna cavab olaraq maliyyə nazirinin müavini Himalay Məmişov 2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8.5 milyon manat vəsait ayrıldığını həmin vəsaitin 41 faizindən, yəni 3.5 milyon manatından istifadə olunduğunu bildirib.
Çox maraqlı tendensiyadır, ilin 11-ci ayında kinoya ayrılan vəsaitin cəmi 41 faizindən istifadə olunub. Belə olan halda isə qalan 59 faiz gələn il üçün kifayətdir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə 2023-2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanıldığı, onlardan 50-sinin təhvil verildiyi barədə arayış təqdim edib. Fərid Cəfərov 2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmamasının əldə olunmuş inkişaf dinamikasının dayanmasına və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola biləcəyini qeyd edib.
Mövzu bir neçə cəhət üzrə maraqlıdır. Hər şeydən qabaq qeyd olunmalıdır ki, Azərbaycan dövləti Maliyyə Nazirliyi xətti ilə hər bir quruma illik büdcə ayırır. Mədəniyyət Nazirliyinin kino qrafası ilə ayrılan büdcənin cəmi 41 faizindən istifadə etməsi isə suallar doğurur.
Burada vacib bir məqama toxunmaq gərəkdir. Kino ictimaiyyəti əlbəttə ki, kinoya ayrılan büdcəyə görə dövlətə minnətdar olmalıdır. Burada fərqli mövqelər də ortaya çıxır. Belə ki, bəzi şəxslər dövlətin kinoya büdcə ayırmasını yaradıcılıq azadlığına müdaxilə sayır və bir çox ölkələrin praktikasında belə halların olmadığını vurğulayır. Ancaq bu yanaşma yumşaq desək, tənqidə dözümlü deyil.
Dövlət kinoya pul ayırmasaydı Tarkovski ya da Kieslovskinin filmləri də mövcud olmayacaqdı. Ömrünün böyük bir hissəsini sosialist Polşada yaşayan görkəmli rejissor Kieslovski kapitalizm cəmiyyətinin tələbləri qarşısında çarəsiz vəziyyətə düşmüş və kommunist Polşa senzurasını bazar iqtisadiyyatı şəraitindən daha mötədil, daha loyal olduğunu vurğulamışdı.
Axı başqa necə ola bilər? Bu gün özəl sektor bahalı filmlər çəkə bilmir. Çünki bu qədər bahalı filmi maliyyələşdirmək mümkün deyil. Film öz xərcini də çıxarmır. Azərbaycanda kinoteatrlar ancaq Bakıda və Gəncədədir. Belə olan halda bahalı layihələr necə maliyyələşdirilə bilər?! Burada dövlət dövrəyə girməlidir. Sovet zamanı maliyyələşmə dövlət hesabına aparıldığı üçün "Babək", "Nəsimi" kimi bahalı filmləri istehsal etmək mümkün idi. Müasir dövrdə isə dövlət yardımı olmadan Azərbaycan xalqının tarixi keçmişindən bəhs edən epik filmləri çəkmək mümkünsüzdür. Bu məqam eləcə də Qarabağ zəfərinə də aiddir.
Yuxarıda qeyd olunan müzakirələr 12 noyabrda, yəni Konstitusiya günündə aparılırdı. Buna görə də Əsas Qanunumuzdan mövzu ilə bağlı bəndləri xatırlatmağa ehtiyac var. 51-ci maddədə deyilir: "Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".
"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanunu" kinematoqrafiyaya dövlət himayəsinin formalarını, müəyyənləşdirir, kinematoqrafiyanın qorunması və inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsinə hüquqi təminat yaradır.
Buradan da göründüyü kimi kinematoqrafiyanın himayə edilməsini, qorunması və inkişafı dövlətin qarşısında duran vəzifələrdən biridir.
Digər tərəfdən isə vətəndaşların mənəvi tərbiyəsində, onların vətənpərvərlik duyğularının, milli və bəşəri hisslərinin inkişafında, insana xas olan bütün ülvi cəhətlərin təbliğ, tərənnüm və təşviqində kino müstəsna rol oynayır. Dövlətin də ali məqsədi bu keyfiyyətlərə malik vətəndaş yetişdirməkdir. Belə olan halda dövlətin kino sənayesini qayğı göstərməsi xüsusilə mühüm əhəmiyyət daşıyır.
Məhz buna görə də bəzi ölkələr birbaşa maliyyələşdirmə, bəzi ölkələr isə vergi güzəştləri kimi addımlarla kino sənayesinin inkişafına dəstək verir. Məqsəd isə kinoya ayrılan vəsaiti artırmaq, onun daha səmərəli və effektiv xərclənməsini təmin edən mexanizmlər axtarıb tapmaqdır.