"Halsızlıq, soyuq tər, nəfəs darlığı və ya döş qəfəsində narahatlıqla müşayiət olunan qeyri-adi ağrıları birbaşa mədə problemi kimi qəbul etmək olmaz".
Oxu.Az xəbər verir ki, bunu RT-yə rusiyalı həkim Ruslan Denişev deyib.
Mütəxəssis müxtəlif patologiyaların özünü necə göstərməsi və hansı hallarda təcili tibbi yardıma ehtiyac duyulduğu barədə məlumat verib.
"Qarnın yuxarı hissəsində yaranan diskomfort miokard işemiyası kimi ciddi ürək-damar xəstəliklərinin xəbərdaredici əlaməti ola bilər. Təşviş yaradan simptomlar olmadan yüngül narahatlıq hiss etdikdə panikaya düşmək lazım deyil, lakin uzunmüddətli özbaşına müalicə ilə məşğul olmaq da yolverilməzdir. Ağrı təkrarlanarsa və ya keçməzsə, onun əsl səbəbini tapmaq mütləqdir.
Həkim yalnız ağrının xarakterini deyil, həm də onun yerini, qida qəbulu ilə əlaqəsini, yanaşı simptomları, xəstəliyin tarixçəsini və müayinələrin nəticələrini təhlil edir. Bütün bunlar birlikdə dəqiq diaqnoz qoymağa və vaxtında müalicəyə başlamağa imkan yaradır", - deyə Denişev vurğulayıb.