FHN Abşeron rayonunda baş verən partlayışla bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda, fərdi yaşayış evində partlayış baş verməsi və dağıntılar altında vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Əməliyyat saat 11:10-da başa çatıb.
11:42
Fatmayı kəndində yaşayış evində baş verən partlayış zamanı yaralananların adları açıqlanıb.
Oxu.Az-ın məlumatına əsasən, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından APA-ya bildirilib ki, hadisə nəticəsində yaralanan şəxslər 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Fərasət oğlu, 1999-cu il təvəllüdlü Kərimzadə Uğur Tərməz oğlu və 2013-cü il təvəllüdlü Kərimzadə Məhəmməd Məhərrəm oğludur.
Xəstəxanadan bildiriblər ki, baş vermiş partlayış nəticəsində vəziyyəti orta ağır qiymətləndirilən 2 nəfər təcili yardımla Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Respublika Yanıq Mərkəzinə aparılıb.
10:59
Abşeronda yaşayış evində partlayış olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Fatmayı kəndində qeydə alınıb. Üçmərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində ev dağılıb və mənzildə olan şəxslər xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.