Bu gün saat 21:00 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Daşkəsən rayon sakini, 1980-ci il təvəllüdlü Məmməd İsmayılov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirərək 1983-cü il təvəllüdlü Ukrayna vətəndaşı Valentin Yuriyeviç Demyanenkonun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub.
Qəzadan sonra “VAZ 2107” yolun əks istiqamətində hərəkət edən, Samux rayon Sərkar kənd sakini, 1980-ci il təvəllüdlü Müseyib Hüseynovun idarə etdiyi digər “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində M.İsmayılova məxsus avtomobildə olan, Göygöl rayon Balçılı kənd sakinləri, 22 yaşlı Orxan Mehdiyev, 23 yaşlı Emin Tağıyev və M.Hüseynova məxsus ikinci “VAZ 2107”-də olan 11 yaşlı Tahirə Hüseynova, 19 yaşlı Elvin Həsənov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin kafi olduğu bildirilir.
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən “VAZ 2107”-nin sürücüsü Məmməd İsmayılov sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, Valentin Yuriyeviç Demyanenko avarçəkmə üzrə üçqat dünya çempionudur. O, 2012-ci ildə London Olimpiyadasında Azərbaycanı avarçəkmə idman növü üzrə təmsil edib.