İçərişəhərdə yerləşən tarixi abidələrdən birinin fotosu geniş müzakirələrə səbəb olub.
Bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda fotonun İçərişəhərdə tarixi memarlıq abidələrindən biri olan Multanı karvansarayında çəkildiyi iddia edilir.
Abidənin uzun müddət restoran kimi fəaliyyət göstərməsi, son dövrlərdə isə qapalı qalması diqqət çəkib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riyad Qasımov Oxu.Az-a sosial şəbəkədə paylaşılan foto ilə bağlı məlumat verib.
Onun sözlərinə görə, Multanı karvansarayının bağlı olmasında heç bir sirr yoxdur:
“Əlbəttə ki, burada heç bir sirr yoxdur. Abidə həqiqətən də uzun müddət restoran olub, ancaq iki ildir ki, restoran deyil və bağlıdır. Əksinə Multanı və Buxara karvansaraylarında tezliklə idarə tərəfindən restavrasiya və konservasiya işlərinə başlanılacaq. Fotoları çəkən şəxs mühafizəçilərin gözündən yayınaraq əraziyə daxil olub, bu da problem deyil. Ümumiyyətlə orada nəsə çəkmək istəyən şəxslər hər zaman idarəyə və ya şəxsən mənə müraciət edə bilərlər.
İdarə xalqın İçərişəhər abidələri ilə bağlı daha çox keyfiyyətli və düzgün informasiya əldə edə bilməsi üçün həmişə bu cür istəkləri dəstəkləyir. İstənilən çəkilişlə bağlı operativlik üçün bütün yerli telekanal və KİV nümayəndələri idarənin müvafiq şöbəsində çalışan əməkdaşlarımıza, Səfayə xanıma müraciət edə bilərlər”.
Qeyd edək ki, İçərişəhərdəki XIV əsrə aid tarixi memarlıq abidəsi olan Multanı karvansarayının adı Pakistanın Multan şəhərindən götürülüb. Karvansaray dəfələrlə tədqiq olunub, ölçülüb. 1973-1974-cü illərdə isə abidədə bərpa işləri aparılıb. Multanı karvansarayı ənənəvi kompozisiya sxemi üzrə tikilib, ticarət küçəsi tərəfdən birmərtəbəli 35m X 35m ölçülü sadə fasadı və qapalı səkkizbucaqlı həyətə çıxan bir-birindən təcrid olunmuş, 10 yaşayış otağından ibarət olan binadır. XX əsrin əvvəlində yaşayış evinin inşası zamanı abidənin bir hissəsi də dağıdılıb. Multanı karvansarayı 70-ci illərdən son dövrlərə qədər “Restoran-karvansaray kompleksi” adı altında fəaliyyət göstərib. Hazırda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Könül Cəfərli