Azərbaycanda alıcını hər addımda aldatmağa çalışırlar. Söhbət kolbasa məsələsindən gedir...
Oxu.Az Modern.az-a istinadan xəbər verir ki, Azərbaycanda kolbasa məmulatlarının tərkibi naməlum olaraq qalır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da etiraf edir ki, kolbasalara vurulan ət yerli məhsul deyil. Onun sözlərinə görə, yerli ət baha olduğuna görə, kolbasa istehsalında yerli məhsullardan istifadə istehsalçıya sərf etmir.
Bazarda keyfiyyətsiz kolbasa məhsullarına da rast gəlindiyinin etiraf edən komitə rəsmisi bu yaxınlarda Sumqayıtda mənşəyi məlum olmayan xeyli sayda kolbasa məhsulu aşkarlandığını dedi.
Ölkəyə Hindistandan camış ətinin gətirildiyini deyən Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli də bildirdi ki, həmin ətlər kolbasa və sosiska istehsalında istifadə olunur.
“Kolbasa məhsullarının hazırlanmasında yerli camış ətindən və ya ölmüş heyvan ətindən istifadə olunması ilə bağlı əlimizdə fakt olmadığından bunun barəsində heç nə deyə bilmərik. Amma həmin məhsulların istehsalında xaricdən gətirilən camış əti, donuz piyi və ətindən istifadə olunması danılmazdır”.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kolbasanın ətdən ucuz olması qatqı üçün Azərbaycana gətirilən ət məhsulunun maya dəyərinin ucuz olması ilə bağlıdır. Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə yerli məhsula üstünlük vermək lazımdır. Çünki xaricdən gətirilən kolbasalar dadlı olsa da, həmin kolbasaları uzun müddət saxlamaq üçün tərkibinə xeyli sayda kimyəvi maddə qarışdırırlar. Kimyəvi maddə isə malın ömrünü uzatdığı kimi, insanın ömrünü qısaldır.
Leşyığanların murdar olmuş ətin bir kiloqramının 50 qəpiyə, 1 manata aldıqlarını deyən Eyyub Hüseynovun sözlərinə görə, həmin ətlər təşkil olunmuş şəkildə Bakıya gətirilib realizə olunur və kolbasa sexlərinə verilir. Leş ətləri isə paytaxta daha çox Muğan, Bərdə, Saatlı, Sabirabad, Masallı zonasından daxil olur. Bu kimi mənbələrdən hazırlanaraq bazara çıxarılan kolbasalar bazara ucuz çıxır
“Halal adı ilə satılan kolbasaların tərkibinin yarısını isə soya komponenti təşkil edir ki, həmin məhsulun 90% genetik modifikasiya olunub. Hər nə gəldi necə gəldi kolbasalara qatılır”.