Bakı Şəhər Təhsil İdarəsi Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbin dam örtüyünə ziyan dəyməsi barədə məlumat yayıb.
Bakı Şəhər Təhsil İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, oktyabrın 19-u hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxmış, bununla əlaqədar müvafiq ekspertlər araşdırma aparıb.
Nəticədə şagirdlərin təhlükəsizliyinin təmin olunması şərti ilə məktəbin damının beton örtüyü dəyişdirilib. Hazırda məktəbin dam örtüyünün dəmir bərkitmə işləri gedir.
Noyabr ayının 2-si və 3-ü havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq 225 nömrəli məktəbin dam örtüyündən 3-cü mərtəbəyə su sızması nəticəsində tavanın suvaq örtüyünə ziyan dəyib.
Təmir-bərpa işlərinin sürətlənməsi və tədrisin davamlılığını təmin etmək məqsədilə 225 nömrəli məktəbin şagirdlərinin müvəqqəti olaraq 53 nömrəli məktəbdə tədrislərini davam etdirməsi nəzərdə tutulub.
10:23
Bakıda həftə sonu müşahidə edilən güclü külək məktəbə ziyan vurub.
Oxu.Az xəbər verir ki, şahidlərin ANS PRESS-ə verdikləri məlumata görə, külək nəticəsində ziyan görən məktəb Yasamal rayonundakı 225 nömrəli tam orta məktəb olub.
Belə ki, adıçəkilən məktəbin dam örtüyünü külək uçurub.
Qeyd edək ki, oktyabrın 19-da axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxmışdı. Hadisə nəticəsində məktəbdə dərslər bir gün müddətinə dayandırılmışdı.