Abşeron rayonu, Mehdiabad qəsəbəsində günlərlə davam edən su sızması ilə bağlı yaranmış qeyri-müəyyənliyə və sakinlərin narahatlığına rəsmi aydınlıq gətirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidəki axıntı əslində içməli su xətti ilə bağlı deyil.
Qurumun rəsmi açıqlamasında qeyd olunub ki, sözügedən sızıntı istilik təchizatının balansında olan xətdə baş verib.
"Bir neçə gün öncə xətdə qəza baş verən kimi müvafiq sukanal idarəsinin sahə rəisi idarəni məlumatlandırıb və əraziyə dərhal əməkdaşlar cəlb olunublar. Baxış keçirilən zaman xəttin istilik təchizatını həyata keçirən quruma aid olduğu müəyyənləşib və bu barədə həmin quruma məlumat verilib", - açıqlamada deyilir.
Xidmətdən o da bildirilib ki, xətdən axan su içməli yox, qazanxanalarda isidilən isti sudur. Sukanal idarəsi bağladığı müqavilə əsasında həmin qurumu su ilə təmin edir, sayğacdan keçən su isə evlərin istilik sistemlərinə ötürülür.
Açıqlamanın davamında xəttin idarə olunması məsuliyyətinə toxunulub:
"Xəttin təmiri, tikintisi, idarə olunması məhz istilik təchizatını icra edən qurumun funksiyasına aiddir. Buna baxmayaraq, istilik xəttində qəza baş verən vaxt sukanal idarəsi qəzanı aradan qaldırmağa hazır olduğunu bildirib. Bu gün istilik təchizatına cavabdeh qurum qəzanı tamamilə aradan qaldırıb".
Abşeron rayonunun Mehdiabad qəsəbəsində zədələnən su xəttinin günlərlə təmir olunmaması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Gənclər Şəhərciyi, bina 11-in qarşısında su xətti zədələnib və nəticədə içməli su günlərdir israf olunur.
Sakinlər qeyd ediblər ki, problem artıq bir neçə gündür davam edir: "Günlərdir bu mənzərənin şahidiyik, amma gəlib tədbir görən yoxdur".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən xətt qurumun xidmət dairəsinə aid deyil.
Eyni zamanda, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı da Oxu.Az-a açıqlamasında qeyd edib ki, qəza baş verən xətt onların balansında deyil:

"Əraziyə baxış keçirilib. Qəza baş verən xətt bizim quruma aid deyil".
Qeyd edək ki, hazırda ərazidə təmir işlərinin aparılması ilə bağlı Oxu.Az-a videogörüntü daxil olub. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, sözügedən su xəttinin hansı quruma aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb və problem aradan qaldırılmayıb.
Əzizə İsmayılova