“CTF” şirkətinin təsisçisi, Milli Məclisin sabiq deputatı Nizami İsgəndərov Publika.Az “Nabran Holiday Village”də baş vermiş hadisə ilə bağlı müsahibə verib.
Oxu.Az xəbər verir ki, N.İsgəndərov müsahibəsində “CTF” şirkətinin təsisçisi olduğunu və “Nabran Holiday Village” istirahət mərkəzinin son 4-5 ildir ki, müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə edildiyini bildirib.
“Hazırda da müqavilə əsasında fiziki şəxs Firdovsi İsmayılovun icarəsindədir. Həmin müqavilədə göstərilir ki, sözügedən istirahət mərkəzi ilə bağlı bütün məsuliyyət, o cümlədən istirahət mərkəzinin texniki təchizatının saz formada olması müqavilə əsasında həmin fiziki şəxsə verilib. Hətta, bu qurğuların istifadə qaydası həmin fiziki şəxsə başa salınaraq imzalarla təsdiq olunub” – deyə, o bildirib.
Sabiq deputatın sözlərinə görə, hadisə baş verən günü ona telefon zəngi olub:
“O zaman mən Azərbaycandan kənarda idim. Şirkətin müdiriyyəti tərəfindən mənimlə telefon əlaqəsi oldu. Mən bu barədə öyrənən kimi insani nöqteyi-nəzərdən xəstəyə dərhal yardım edilməsi üçün icarəyə götürən fiziki şəxslə əlaqə yaradıb nə köməklik lazımdırsa edilməsini xahiş etdim. Çünki həmin fiziki şəxs də orada olduğu üçün onlar təcili və təxirəsalınmaz tədbirləri görə bilərdilər” – deyə, o, vurğulayıb.
Xəstənin ailəsinə yardım təklif edib-etməməsi barədə sualı cavablandıran sabiq deputat bu barədə dəqiq məlumata malik olmadığını qeyd edib:
“Bilirsiniz, heç bir şəxs baş verə biləcək hadisədən sığortalanmayıb. Heç kəs istəməz ki, onun övladına nəsə zərər dəysin. Hər kəsin, o cümlədən mənim də övladım var. Mən bu hadisənin baş verməsinə çox üzüldüm. İnsani nöqteyi-nəzərdən də bildirirəm ki, mən bu gün də həmin xəstəyə əlimdən gələn bütün köməkliyi göstərməyə hazıram. Eyni zamanda bu hadisədən dərhal sonra cənab prezidentimiz İlham Əliyevin və Mehriban xanım Əliyevanın böyük diqqəti göstərməsi və İmran Cəfərzadənin dövlət vəsaiti hesabına Almaniyada müalicəsi çox humanist addım oldu. Bu fədakarlığına görə dövlət başçımıza Azərbaycan xalqı, o cümlədən mən çox minnətdarıq”.
Şirkət rəhbəri heç kəsin bu hadisəni bilərəkdən və ya istəyərəkdən törətmədiyini deyərək, baş vermiş faciəni ehtiyatsızlıqla əlaqələndirib:
“Bu, sırf ehtiyatsızlıq üzündən baş verən hadisədir. Mən İmran balamızın tezliklə şəfa tapmasını və öz ailəsinə dönməsini arzu edirəm. Heç bir Azərbaycan ailəsinin də başına bu cür hadisənin gəlməsini arzu etmirəm. Yenə də deyirəm ki, oteldə baş verən bu hadisə qəsdən törədilməyib. Heç bir insan da bu cür bədbəxt hadisədən sığortalanmayıb”.